Minsk Qrupunu diriltməyə sonuncu cəhd, yoxsa..

11:40 2 Aprel 2022

Ötən həftə ATƏT sədrinin Qarabağ üzrə xüsusi nümayəndəsi Anji Kasprşik qəfildən İrəvanda peyda oldu, Ermənistan XİN başçısı Ararat Mirzoyanla görüşdü. Ondan cəmi iki gün sonra isə Mirzoyan MQ-nin Rusiyadan olan həmsədri İqor Xovayevlə bir araya gəldi. Hər iki görüşdə “Dağlıq Qarabağdakı vəziyyət”in müzakirə edildiyi deyilir. Ancaq ən diqqətçəkiçi məqam odur ki, nə Kasprşik, nə də Xovayev nədənsə İrəvandan sonra Bakıya gəlmədilər.

Görəsən nəyə görə? Bu, ATƏT-in Minsk Qrupunu dirçəltmək yönündə növbəti nəbz yoxlanışı idi, yoxsa? Qeyd edək ki, martın 24-də Minsk Qrupunun təsis edilməsinin 30 illiyi tamam olub. Bu qurumun təzədən və hansısa missiya ilə reanimasiyası mümkünmü?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirdi ki, Anji Kasprşikin qəfildən İrəvana səfər etməsi təəccüblüdür və müəyyən suallar yaradır: “Eyni zamanda Kasprşikin İrəvanda olarkən Ermənistan xarici işlər naziri ilə görüşü və bundan sonra isə nazir Mirzoyanın Rusiyadan olan həmsədr Xovayevlə görüşməsi doğrudan da sualların sayını artırır. Belə görünür onlar Azərbaycanın Minsk Qrupu məsələsində birmənalı mövqe ortaya qoyması indi həmin mənasız vasitəçilərdə belə bir rəy yaradıb ki, onlar artıq yalnız Ermənistana lazımdırlar. Mövcudluqlarını saxlamaq və yenidən xortlamaq üçün Ermənistan hökuməti ilə görüşlər keçirirlər. Lakin onlar unutmamalıdırlar ki, artıq Minsk Qrupu həmsədrlərinin mandatına aid məsələ qalmayıb. Azərbaycan ordusu 44 günlük müharibədə həmin mandatın istifadə müddətinə son qoyub.

Oxu.az - Çingiz Qənizadə: “İndi açıqlama vermək vaxtıdır?!”

Çingiz Qənizadə: “Azərbaycan ordusu 44 günlük müharibədə həmin mandatın istifadə müddətinə son qoyub”

Digər tərəfdən, Minsk Qrupu və şəxsən Kasprşik onu da unutmamalıdır ki, tərəflərdən biri razı deyilsə, danışıqlarda iştirak etmirsə danışıqlardan söhbət gedə bilməz. Belə bir vəziyyətdə onların gedib Ermənistanda görüşlər keçirməsinin mənası qalmır. Xortlamaq istəyirlərsə, Ermənistanın onları diriltməsi mümkün deyil. İrəvan Minsk Qrupunun mövcud olmaq istəyindən öz məkrli niyyətləri üçün yararlanmağa cəhd edir. İstəyirlər ki, Minsk Qrupunun bölgədə fəaliyyətini bərpa etsinlər. Lakin bu, mümkün deyil. Minsk Qrupu Qarabağ məsələsinin həlli üçün heç bir müsbət işə imza atmayıb indiyə qədər. Məsələni Azərbaycan özü həll etdi. Ona görə də bundan sonra Minsk Qrupuna ehtiyac qalmayıb".

Ekspert qeyd etdi ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir: “Azərbaycan beynəlxalq hüquqa, öz konstitusiyasına və imzalanan 10 noyabr üçtərəfli bəyanatına əsaslanaraq ərazilərində hələ də mövcud olan erməni silahlı qruplarının tərksilah edilməsinə, bölgədən çıxarılmasına özü nail olacaq. Minsk Qrupu bilməlidir ki, bu aksiomadır və Qarabağda bir dəstə erməniyə status almaq cəhdlərinin həyata keçməsi qeyri-mümkündür. Ona görə də şou düzəltməyə, oyunbazlıq etməyə ehtiyac yoxdur. Cənubi Qafqazda sülh gündəliyini Azərbaycan müəyyən edir, Ermənistan mümkün variantlarda bu gündəliyə yeni elementlər daxil etməyə çalışır və bunu da Minsk Qrupunun əli ilə etmək istəyir. Ancaq istədiklərinə nail ola bilməzlər”.

Baydenin qərarsızlığı və çəkingənliyindən istifadə edən Kreml istədiyi kimi  davranır” - Politoloq Elşən Mustafayev

Elşən Mustafayev: “ATƏT-in Minsk Qrupu yalnız bir halda reanimasiya edilə bilər”

Politoloq Elşən Mustafayev isə bildirdi ki, ATƏT sədrinin Qarabağ üzrə xüsusi nümayəndəsinin və Minsk Qrupunun Rusiyadan olan həmsədrinin Ermənistana gəlib görüşlər keçirmələri və İrəvandan sonra Bakıya  gəlməmələri münaqişənin həlli ilə bağlı Azərbaycanın ATƏT-in Minsk Qrupuna göstərdiyi haqlı etimadsızlıqla bağlıdır: “44-günlük müharibədən sonra ATƏT rəsmiləri Minsk Qrupu formatını aktivləşdirmək üçün çox cəhdlər etdilər və bu cəhdlər davam edir. Amma rəsmi Bakı problemin birdəfəlik həlli üçün yeni bir şey təklif edə bilmədiklərini əsas gətirərək Minsk Qrupunun xidmətlərini əhəmiyyətsiz hesab etmişdi. Bu barədə çox danışıqlar olub. Görünür ki, hələ də Azərbaycanı inandıracaq faktorları ortaya qoya bilməyiblər. Düşünürəm ki, o səbəbdən ATƏT-in Qarabağla bağlı nümayəndəsinin Bakıya səfəri baş tutmaya bilər. Həmçinin 10 noyabr razılaşmasından sonra Azərbaycan ATƏT-in fəaliyyətinin indiyədək yarıtmaz olduğunu önə çəkərək onlarla işləməyin mənasız olduğunu bildirmişdi. Ermənistan isə durmadan problemin müzakirəsini Minsk Qrupu çərçivəsində bərpa olunmasına təkid edirdi və bu gün də həmin fikirdədir. O səbəbdən onların İrəvana gəlib görüşlər keçirməsi adi haldır. Amma bunun nəticələrinin olması Azərbaycanın  danışıqlara razılıq verib iştirak etməsindən asılıdır. Azərbaycan isə müsbət nəticə əldə olunacağı perspektivini görmədiyindən hələlik bu qurumu kənarda saxlayır”.

E.Mustafayevə görə, ancaq gələcəkdə ATƏT problemin kökündən həlli üçün real təkliflərlə ortaya çıxarsa güman edirəm ki, onlarla müzakirələri davam etdirmək olar: “Bunun üçün ATƏT-in Minsk Qrupu ilk olaraq danışıqları yeni vəziyyətə uyğun  aparmalıdır. Çünki Azərbaycan öz ərazilərinin böyük bir hissəni artıq azad etdiyindən ATƏT-in uzun illər boyu üzərində işlədiyi prinsiplər öz əhəmiyyətini itirib. Xüsusilə onların ümid etdikləri ”Madrid prinsipləri" artıq əhəmiyyətsiz bir kağız parçasına çevrilib. Əgər 10 noyabrdan sonrakı reallıqları əldə əsas tutaraq danışıqlar prosesinə vasitəçi olaraq qoşulmaq istəsələr, hesab edirəm ki, belə formatda onların reanimasiya məsələsinə baxmaq olar. Əks halda bunun heç bir mənası yoxdur".



Xəbər xətti