Çoxmərtəbəli binalarda, bazar, yarmarkaların ərazisində, zirzəmi və kürsü mərtəbələrində propan qaz balonlarının saxlanılması qanunla yasaqdır
Aprelin 3-də gecə saatlarında paytaxtın mərkəzində “Location” gecə klubunda partlayış baş verdi. İlkin ehtimala görə partlayışa səbəb qaz balonunda yaranmış sızmadır. Bu partlayış iaşə obyektlərinidə kommunal xidmətlərlə bağlı məsələləri yenidən gündəmə gətirdi. İlk sual qaz xətlərinin olmaması ilə bağlıdır.
SOCAR “Azəriqaz” İB-dən Musavat.com-a bildirilib ki, yaşayış evlərinin altındakı obyektə qaz xətləri ona görə çəkilmir ki, sızma olduqda qığılcım nəticəsində partlama ehtimalı ola bilər. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu cür obyektlərdə qaz balonunun işlədilməsinin qanunauyğun olub-olmaması ilə bağlı məsələyə də aydınlıq gətirib: “Bu, ”Azəriqaz" İB-nin səlahiyyətində olan məsələ deyil. “Azəriqaz” İB qazın satışı ilə məşğuldur. Bizim işimiz sayğaca qədərki prosesə nəzarət etməkdir. 2016-cı ilə qədər “Azəriqaz” İB-in evlərin, mənzillərin yaxud obyektlərin daxilində qaz təchizatı ilə bağlı prosesləri təftiş etmək imkanı var idi. Qaz balonlarının doldurulması, daşınması və quraşdırılması səlahiyyəti 2016-cı ildən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-dən alınıb. Milli Məclisdə “Qaz təchizatı haqqında” Qanuna əlavə və dəyişikliklər nəzərdə tutulur. Təklif olunur ki, sözügedən səlahiyyət yenidən qazpaylayıcı quruma, yəni (SOCAR) “Azəriqaz” İB-ə verilsin. Yalnız bundan sonra (SOCAR) “Azəriqaz” İB-in obyektlərə, mənzillərə baxış keçirmək, texniki şərtlərə əməl olunub-olunmaması ilə bağlı təftiş aparmaq mümkün olacaq".
Bəs bu cür obyektlərdə qaz balonlarından, yəni maye (sıxılmış) qazdan istifadəyə icazə varmı?
Azad İstehlakçılar Birliyinin kommunal təsərrüfat üzrə mütəxəssisi Nüsrət Qasımov bildirib ki, qanunvericiliyə görə, yaşayış obyektlərinin altında olan obyektlərə qaz xətti çəkilmir, lakin qaz balonunun istifadəsi də yolverilməzdir: “Propan qazının istilik törətmə qabiliyyəti maye qazın istilik törətmə qabiliyyətindən 3 dəfə artıqdır. Buna görə də təhlükə riski də dəfələrlə artıqdır. ”Azəriqaz" İB deyir ki, ölkənin 95-96%-i qazlaşdırılıb. Bəs o zaman qaz balonlarına ehtiyac nədən yaranır? Bundan əlavə, qaz balonları ildə bir dəfə yoxlanmalıdır. Qaz balonlarının doldurulması, daşınması və quraşdırılması üçün sahəvi mütəxəssislər olmalıdır. Hazırda bu sahədə ciddi boşluq var. Eyni zamanda qeyd etmək istəyirəm ki, bir qaz balonunun istismar müddəti 30 ildir. “Təmiz qaz” adlı qurum var, mən bildiyimə görə məhz bu məsələlərlə məşğul olur. Həmin qurum araşdırmalıdır ki, obyektdə olan qaz balonları nə zaman istifadəyə verilib".
Nüsrət Qasımov
Mövzu ilə bağlı “Təmiz qaz” QSC ilə əlaqə saxlamağa çalışdıq, buna müvəffəq olmadıq.
Bəs qaz xətlərinin keçmədiyi ərazidə yerləşən obyektlərin mətbəxində hansı elektrik avadanlıqlarından istifadə olunmalıdır?
Vaqif Aydınoğlu
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib ki, istər vətəndaş, istərsə də sahibkar, yəni istənilən abonent elektrik xəttinin çəkilişi üçün “ASAN Kommunal” mərkəzinə müraciət etməlidir: “Abonent hansı miqdarda, yəni neçə kilovatt elektrik enerjisinə ehtiyac olduğu ilə bağlı müraciət edir, lazımi rüsumu ödəyir və sayğac quraşdırılır. ”Azərişıq" ASC-nin səlahiyyəti isə sayğacaqədərki prosesi əhatə edir. Obyektin daxilində hansı cihazdan istifadə olunması isə sahibkarın özündən asılıdır".
Belə obyektlərdə qaz balonundan istifadəyə icazə varmı? Qanunvericiliyə görə, 2 mərtəbəli binalardan hündür olan yaşayış məntəqələrində maye qaz balonlarından istifadə qəti qadağandır. Qaz balonları qaz cihazına şlanqla birləşdirilməli və bir hissədən ibarət olmaqla onun uzunluğu 10 metrdən artıq olmamalıdır. Fövqəladə Hallar Nazirliyi ötən ayın əvvəlində vətəndaşlara müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırıb.
Habelə, bazar və yarmarkaların ərazisində, zirzəmi və kürsü mərtəbələrində propan qaz balonlarının saxlanılması və istifadəsinin qadağan olunduğunu xatırladıb. O zaman həmin gecə klubunda bir deyil, 3 qaz balonunun olmasına ərazi müfəttişləri niyə göz yumub? Müvafiq yoxlamalar mütəmadi aparılırmı? “Location” gecə klubunda öncədən yoxlama aparılıbmı? Təəssüf ki, bu suallara FHN-dən ötən gün ərazində cavab almaq mümkün olmadı.
Rəsmi açıqlama aldığımız zaman dərc edəcəyik.