Ölkədən ən müxtəlif yollarla gedənlər deportasiya olunduqdan sonra Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılır
Almaniyada mühacirətdə olan azərbaycanlıların bu ölkədən çıxarılması faktları artıb. Son olaraq martın 29-da Almaniyadan daha 38 nəfər Azərbaycan miqrantı çıxarılıb. İddialara görə, ölkədən ən müxtəlif yollarla gedən azərbaycanlılar Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılır. Qeyri-leqal miqrasiya ilə bağlı cinayət işi üzrə şahid qismində dindirilirlər. Söhbətin hansı cinayət işindən getdiyi bilinmir, amma belə görünür ki, qanunsuz miqrasiyanı təşkil edən fiqurantlar var.
Almaniya hökumətinin azərbaycanlı miqrantlarla bağlı qərarını zəruri edən səbəblər hansılardır?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə dedi ki, Avropada miqrantlarla bağlı məsələ ciddi xarakter alıb: “Yəni əvvəllər müxtəlif səbəblərdən, hər hansı bir arayışla belə Avropanın istənilən ölkəsinə gedib orada oturum almaq, sığınacaq əldə etmək mümkün idisə, indi bu məsələ olduqca ciddiləşib. Bu da təbii ki, son illərdə Avropaya miqrant axınının sayının həddən çox olması ilə bağlıdır. Görünür, dövlətlər miqrantların müəyyən qədər çoxalması ilə bağlı problemlərlə üzləşirlər. Amma gördüyümüz budur ki, Almaniya bu məsələyə daha ciddi reaksiya verir. Miqrantların ölkəsində statuslarının dəqiqləşdirilməsi ilə bağlı ciddi yoxlamalar aparır. Hələ bir neçə il bundan öncə şahidi olmuşduq ki, Azərbaycandan olan xeyli miqrant həbs edilmişdi. Onların bəziləri guya miqrantların gəlməsi ilə bağlı sənədlər hazırlayırdı. Sonradan onların böyük əksəriyyəti azad edildi. Onların bir hissəsi Azərbaycana göndərildi. Mətbuatda gedən məlumatlardan görünür ki, Azərbaycana gəldikdən sonra onlar hüquq-mühafizə orqanlarına dəvət olunur, müəyyən dindirmələrin subyektinə çevrilirlər.
Çingiz Qənizadə
Bu da müəyyən mənada normaldır. Azərbaycandan Avropaya gedən miqrantların çoxu qeyri-leqal, saxta sənədlərlə gediblər, siyasi, ictimai təşkilatların onlara verdikləri arayışlar əsasında oturum alıblar. Bu arayışlar saxta olmaya bilər, yəni həqiqətən bu şəxslər ölkədə müəyyən məsələ ilə əlaqədar həmin təşkilatlara müraciət edib, özlərinə qarşı hansısa addımlarla bağlı arayışlar ala bilərlər. Amma bu arayış hüquqi sənəd deyil. Sadəcə olaraq, məlumatlandırıcı bir sənəddir. Bu şəxslərin geri qayıtması zamanı həqiqətən də onlara qarşı təzyiqlər olubmu, yaxud dövlət orqanları tərəfindən təzyiqlərə məruz qalıblarmı kimi məsələlər araşdırılır. Təbii ki, yalan varsa və bu, üzə çıxdıqda, bu şəxslərin arayışları necə əldə etdikləri məsələsi gündəmə gəlir. Arayışları hansı qurumdan almaları da araşdırılır. Bunun nəticəsində ölkədə fəaliyyət göstərən QHT-lər və partiyaların cəmiyyətdə rolu və yeri ilə bağlı da müəyyən sular durulmağa başlayıb. Amma onların dəvət olunması qorxulu prosedurdur. Çünki onlar dövlət sərhədini qanuni keçiblər, o ölkənin ərazilərinə qanuni daxil olublar. Hansısa arayış nəticəsində miqrant statusu alıblarsa, indi bunu Almaniya və ya digər ölkələr tanımayıb, onları çıxarırlarsa, burada da cinayət xarakterli bir şey yoxdur. Belə hesab edirəm ki, bu şəxslər ölkəyə gəldikdən sonra hüquq-mühafizə orqanlarının çağırışlarına müsbət reaksiya verməli və onlarla görüşdən qaçmamalı, verilən hər bir suala düzgün cavab verməlidirlər. Digər tərəfdən, bir məsələni də deyim. Miqrantların bir hissəsi özlərini düşdükləri ölkənin qanunlarına, o cəmiyyətdə formalaşmış adət-ənənələrə uyğun şəkildə aparmamaqda da fərqləndilər. Həmin ölkələrdə müəyyən problemlər də yaratdılar. Ona görə də heç bir ölkə arzu etmir ki, öz ərazisində ”çağırılmamış qonaqlar" olsun. Buna görə Almaniyanı da başa düşmək mümkündür, həmçinin, digər dövlətləri də".
Fərahim İlqaroğlu
Almaniyada yaşayan jurnalist Fərahim İlqaroğlu canlı şahid kimi çox maraqlı nüanslara toxundu: “Almaniya Miqrasiya və Qaçqınlarla iş Üzrə Federal İdarənin illik hesabatına baxanda görürük ki, federal idarə xüsusilə Sənubi Qafqaz ölkələri, Suriya, Əfqanıstan və İraq kimi ölkələrdən gələnlərin kimliyini müəyyən etməkdə çətinlik çəkir. Bunun Azərbaycana aid hissəsi ondan ibarətdir ki, bir çox həmvətənimiz Almaniyaya gələrək, sığınacaq istəyərkən şəxsiyyətlərini təsdiq edən hər hansı bir sənəd vermirlər. Başlarına gələn hadisələri olduğu kimi yox, bir qədər şişirdərək danışır, qarşılarındakı məmurda şübhələr yaradırlar. Nəticədə həmin həmvətənimizə sığınacaq verilmir və ölkəni könüllü tərk etməsi üçün vaxt verilir. Həmin vaxt bitdikdən sonra da deportasiya edilir. 2019-cu ildə həm Almaniya, həm də Azərbaycanın prokurorluq orqanları tərəfindən Avropaya qanunsuz miqrasiya təşkil edən mütəşəkkil dəstə barəsində cinayət işi açılıb. Nəticədə həm Azərbaycan, həm də Almaniyada bir neçə şəxs həbs edilib, bəziləri barəsində də ölkədən çıxmamaq qərarı verilib. Həmin şəxslərin konkret nədə ittiham olunduğu haqqında bilgim olmasa da, saxlanılan və məhkəmələri davam edən şəxslər dövlət idarələrinə məxsus sənədləri saxtalaşdırmaq, möhür və ştampları kopyalamaq, müxtəlif siyasi partiyalara aid sənədlərin satışını həyata keçirdiklərinə görə saxlanılıblar. İstintaq hələ də davam etdiyindən Azərbaycana deportasiya edilən şəxslər Respublika Baş Prokurorluğuna çağırılır, onlara konkret adlar verilir, tanıyıb-tanımadıqları soruşulur. Almaniya miqrasiya orqanları əməkdaşlarının Azərbaycan vətəndaşlarının işinə baxarkən onların obyektiv olmaları barədə isə birmənalı nəsə demək çətindir. Yəqin Almaniyada yaşayan və ömründə bir dəfə də olsun Miqrasiya İdarəsində olan həmvətənlərimiz də təsdiqləyə bilər ki, oradakıların Azərbaycan, onun siyasi idarəetmə sistemi, vətəndaşların sosial durumu haqqında bilgiləri demək olar ki, yox səviyyəsindədir. Bu da bir çox hallarda fərq etmir, siyasi və ya humanitar səbəblərlə Almaniyadan sığınacaq istəyən azərbaycanlıların işinə mənfi təsir göstərir. Hətta bəzən miqrasiya əməkdaşları tələskənliyə yol verir, faktları araşdırmır. Bu gün həm Azərbaycanda, həm də Avropada yaşayan həmvətənlərimiz arasında qanuni miqrasiya ilə bağlı məlumatlar olduqca azdır. Almaniya gəlmələrə böyük imkanlar yaradan Avropa ölkələrinin sırasında öndə gəlir. Burada peşə təhsili və konkret işlə bağlı dövlət proqramları mövcuddur. Hansı ki, Almaniya bu proqramlar vasitəsilə özünün işçiyə olan ehtiyacını qapadır. Yaxşı olardı ki, həmvətənlərimiz heç bir vasitəçi şirkət və şəxsə müraciət etmədən, birbaşa özləri bu proqramlara müraciət etsinlər”./Musavat.com