İdmanın insan orqanizminə böyük faydası olsa da, təəssüf ki, gənclərin əksəriyyəti protein tərkibli preparatlardan istifadə edir. Bir çoxları hətta əzələ kütləsini artırmaq üçün süni qidalar, proteinlər, qeynerlər və steroidlərdən istifadəyə üstünlük verirlər.
Məsələ ilə bağlı Axar.az-a danışan fitnes üzrə məşqçi Elnur Vəliyevin sözlərinə görə, protein əzələ kütləsinin inkişafı və böyüməsi üçün vacib qida əlavəsidir.
“Protein - karbon, hidrogen, azot, oksigen və kükürd kimi təbii birləşmələrdən ibarət amin turşulardan əmələ gəlir. Amin turşular proteinlərin, proteinlər isə əzələ kütləsinin qurucu daşlarıdır. Protein orqanizmdə parçalandığı zaman əzələ kütləsinə enerji verir. Bundan əlavə, protein uzunmüddətli toxluq yaradır”, - o bildirib.
Məşqçi idman etmədən protein qəbul etməyin zərərli olduğunu vurğulayıb. Onun sözlərinə görə, protein tozunun əsas zərərlərindən biri kimi kişilərdə cinsi zəiflik yaratması fikri yanlışdır:
“Qida əlavəsi olan protein tozu fasilələrlə qəbul edilməlidir. Proteini 1 ay içdikdən sonra mütləq 10-15 gün fasilə vermək lazımdır. Onun miqdarı mütləq çəkiyə uyğun qəbul edilməlidir. Məsələn, 90 kilo çəkisi olan insan 90 qram protein içə bilər. Bu 90 qram isə gün ərzində 2-3 hissəyə bölünməlidir. Protein tozu ilə yanaşı, təbii zülallı qidalar da yeyilməlidir.
Bəzi steroidlər də var ki, onların zərərləri çoxdur, məsələn, saç tökülməsi, impotensiya, ginekomastiya (süd vəzlərinin böyüməsi), qaraciyərin zədələnməsi, sıradan çıxması və s.”