TikTok 18 yaşdan kiçik gənclərə gözlərini süni şəkildə böyütməyi, dodaqlarını dartmağı, dəri tonunu yumşaltmağı və ya dəyişməyi qadağan edəcək.
Sitat.info xəbər verir ki, şirkət bu dəyişiklikləri Dublindəki Avropa qərargahında keçirilən təhlükəsizlik forumunda açıqlayıb.
Məhdudiyyətlər üz cizgilərini makiyajın edə bilməyəcəyi şəkildə dəyişdirən "Bold Glamour" kimi filtrlərə şamil ediləcək.
Buna səbəb uşaqların psixi sağlamlığı ilə bağlı narahatlıqlar olub. Mütəxəssislərin fikrincə, gözəllik filtrləri internetdə mükəmməl görüntüyə alışmış gənclərin, xüsusən də qızların öz real görünüşü haqqında mənfi düşünməsinə səbəb olur. Bəzi gənclər filtrlərdən istifadə etdikdən sonra əsl üzlərinin onlara çirkin göründüyünü bildiriblər.
TikTok həmçinin 13 yaşdan kiçik istifadəçilərin bloklanması sistemini sərtləşdirdiyini açıqlayıb. İlin sonuna kimi şirkət yaş məhdudiyyətlərini pozan insanları aşkar etmək üçün yeni avtomatlaşdırılmış sistemləri sınaqdan keçirməyə başlayacaq.