Ali təhsil sistemində gözlənilən "böyük köç": Regionlarda kampuslar yaradılarsa sahibkarlıq da canlanacaq

15:45 18 Yanvar 2024

"Son günlər Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin paytaxtdankənar ərazilərə köçürülməsi ilə bağlı məsələ yenidən gündəmə gəlib. Demək olar ki, hər il bir neçə dəfə hansısa səbəbdən medianın gündəminə çevrilən köçürülmə məsələsi əsasən bir aspektdən - şəhərdəki tıxacların yaranma səbəblərindən biri kimi dəyərləndirilir. Bu, kökündən yanlış olan bir məsələdir".

Bu sözləri Sitat.info-ya açıqlamasında təhsil eksperti, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Elmin Nuri deyib.

O bildirib ki, bu məsələyə tıxac probleminin həlli aspektindən baxılmamalıdır: "Birincisi, Bakının təbii ki, bütün rayon və qəsəbələrində universitet fəaliyyət göstərmir. Ali təhsil müəssisələrinin böyük əksəriyyəti cəmi 3 rayonda -Yasamal, Nəsimi və Səbaildə yerləşir. Məsələn, Binəqədi, Xəzər, Xətai və s. kimi rayonlarındakı sıxlığın səbəbi universitet və ya tələbə kəsimi ola bilərmi? Təbii ki, xeyr! Nədənsə, biz hər zaman universitetlərin mərkəzi ərazilərdən kənar yerlərə köçürülməsinin əsas səbəbi kimi məhz sosial problemi -sıxlığı vurğulayırıq. Universitetlərin isə paytaxt küçələrindəki sıxlıq yaratmaq faizi həddindən artıq aşağıdır. Amma məsələnin digər tərəfi isə sosial yox, konkret olaraq təhsil amilidir".

E.Nurinin sözlərinə görə, artıq dünyanın ali təhsilə, universitetlərə baxışı xeyli dəyişib: "Hər böyük universitet həm də özü-özlüyündə tədqiqat müəssisəsi, istehsalat yeri kimi də fəaliyyət göstərə bilər. Bunun üçün isə universitet mütləq şəkildə böyük kampusa, (“kiçik şəhərciyə”) sahib olmalıdır. Kampus dünya universitetlərinin reytinqini ölçən nəhəng şirkətlərin də artıq əsas tələbinə çevrilib. Bizdə isə təəssüf ki, barmaqla sayılacaq qədər universitet var ki, o kampusa malikdir. BANM və ADA Universitetini bu baxımdan xüsusi fərqləndirməliyik. Amma şəhərin mərkəzi hissələrində yerləşən universitetərin -məsələn, ADPU, BSU, ADU, AzTu və sairlərin isə təbii ki, kampuslarının olmasından söz gedə bilməz".

Ekspert vurğuladı ki, dünyadakı yeni təhsil trendləri, ali təhsilin yeni çağırışları isə təbii ki, kampus sistemini tələb edir: “Kiçik şəhərcik” tələbələrin akademik və şəxsi ehtiyaclarını tam ödəməli və yeri gəldikdə gənclərin istirahət zonası rolunu da oynamalıdır. Sırf bu baxımdan Bakıda yerləşən universitetlərin paytaxtdan kənara köçürülməsi məqsədəuyğun hesab oluna bilər. Çünki elmi tədqiqat laboratoriyalarını, mərkəzlərini, kitabxana və yataqxanaları, kinoteatr, fitness-klub v. s kimi məkanlar bir kampusun tabeliyində mütləq olmalıdır ki, bunun üçün də hektarlarla ərazi lazımdır. Şəhərin mərkəzi hissəsi üçün isə bu, sadəcə absurd görünür. Əsasən bu səbəbdən universitetlərin, elə yuxarıda adlarını çəkdiyimiz ali təhsil müəssisələrinin kənar ərazilərə köçürülməsi vacibdir".

E.Nurinin fikrincə, universitetlərin köçürülməsi və kampusların yaradılması regionlarda sahibkarlıq mühitini də canlandıracaq: " Təsadüfi deyil ki, bir neçə gün bundan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev də çıxışında kampus məsələsini əsas detal kimi səsləndirmişdi: “İstisna etmirəm ki, müəyyən universitetlər köçürülərək vahid bir kampus yaradılaraq fəaliyyətini davam etdirə bilər. Bu həm təhsilin təşkili baxımından, həm də şəhərdaxili infrastrukturun təkmilləşdirilməsi üçün önəmli bir islahat ola bilər. Növbəti illər ərzində bu məsələ ilə bağlı Təhsil Nazirliyi ilə birgə tədbirlər planı hazırlanaraq icra edilə biləcək”. İkinci böyük səbəb isə universitet amilinin yerləşdiyi ərazidə özü ilə birgə gətirə biləcəyi sahibkarlıq imkanlarıdır. Bu isə kənar ərazilərdə yeni iş yerlərinin, həyati vacib obyektlərin olması üçün çox gərəklidir. Məsələn, əmin olun ki, bir universitetin köçürüləcəyi ərazidə mütləq kafe-yeməkxana, restoran, əyləncə mərkəzləri, market şəbəkələri, geyim mağazaları, ictimai iaşə obyektləri və s. olacaq. Çünki çoxsaylı tələbə kəsiminin olduğu zonada bunlar mütləqdir. Universitet kənar əraziyə özü ilə qaynar həyatı da aparacaq". 

Seymur Bənnayev,

Sitat.info



Xəbər xətti