Qüdrətli söz, aciz söz... - Namiq Hacıheydərli yazır...

12:00 24 Yanvar 2024

Qüdrətli söz, aciz söz...

Tanrı sözdən qüdrətli və sözdən uca nəsə yaratmadı. Öyrəndiyimiz hər şeyi sözlə öyrənirik.

Göydə və yerdə gördüklərimizi ilk dəfə sözlə anlatdılar bizə. Söz kainatdan böyükdü. O üzdən kainat Sözə sığır, ancaq söz kainata sığmaz. Hətta, iyi və dadı, ölçüsü və rəngi olmayan diqqət, duyğu, xəyal... kimi mücərrəd anlayışların belə sözlə ifadə olunan tərifləri var. Demək, maddi və mənəvi olan nə varsa iyinə, rənginə, ölçüsünə, xarakterinə, funksiyasına və digər xüsusiyyətlərinə görə sözə sığdırmaq, ifadə etmək mümkündür.

Sözün, qarşısında aciz olduğu, ifadə edə bilmədiyi varlıq yoxdur.

Söz qüdrətlidir. Amma... Amma ictimai şüurun meydana gəldiyi zamandan insan övladını düşündürən və hələ də çeşidli cavabları verilməkdə olan “Dünya nədir”? “İnsan nədir”? “Həyat nədir”? “Ölüm nədir”? “Gerçəkdən o dünya varmı”?... kimi suallarla birgə Ay, Günəş, ulduz, kainat və ümumiyyətlə yaradılış haqqında düşüncələr əski insanların “mütləq bütün bunların bir yaradıcısı var” – məntiqi sonuca varmasına, bir yaradıcının var olması düşüncəsinə gəlməsinə yardımçı oldu.

O zaman növbəti sual meydana çıxdı: Tanrı kimdir və o necə bir varlıqdır? Bax, sözün aciz olduğu məqam budur. Nədən bu qədər qüdrətli ikən bu məqamda söz aciz oldu? Bir qədər bu barədə. Öndə qeyd etdiyim kimi, hər şeyi, o cümlədən Sözü də Tanrı yaratdı.

Tanrı Sözü hər şeydən böyük, fəqət özündən kiçik yaratdı. Tanrı yaratdığına necə sığa bilərdi? Söz Tanrıya sığır, fəqət Tanrı bəşərə vermiş olduğu Sözə sığmır. Nədən bəşərə vermiş olduğu söz dedim? Bir anlıq təsəvvür edək ki, qarşımızda qırmızı rəngli əşya var. Ancaq qırmızı rəngini ifadə edəcək söz yoxdur. Həm də dünyada heç bir dildə yoxdur. O zaman biz qırmızı rəngli əşyanın əlamətini necə ifadə edəcəyik? Sözlə! Axı o “söz” yoxdur. O zaman təbii ki, əvvəlcə o rəngə ad veriləcək və bu ad qırmızı rəngin dəqiq ifadəsi üçün bizə yardım edəcək. Deməli, kainatdakı bütün adlar yalnız bizə məlum olan varlıqların adlarıdır.

Yaradılışda bizə məlum olmayan milyardlarla varlıqlar var və bu üzdən onların adlarını da bilmirik.

Bizə məlum olmayan milyonlarla qalaktikalar varsa, deməli bizə məlum olmayan saysız-hesabsız konkret və mücərrəd məfhumlar, ölçülər və eyni zamanda rənglər var. Və eyni zamanda bizə məlum olmayan milyonlarla Söz var.

Konkret desəm, yaşadığımız Günəş sistemi, bizim qalaktika Tanrının yaratdığı sonsuzluğun çox kiçik bir hissəsidirsə, deməli insanlığın danışdığı minlərlə dil və bu dillərin birlikdə əhatə etdiyi yüz milyonlarla söz ehtiyatı əslində mövcud olan Böyük Sözün milyonda, milyardda biridi...

Bizim bildiyimiz bütün ölçülər və rənglər Yer ölçü və rəngləridi. Sözlər də eləcə... Yerin ölçü və rəngləri ilə yaradılışdakı bütün rənglər və ölçülərin müqayisəsini aparmağa çalışmaq absurd olduğu kimi insana endirilmiş (və ya insan övladının kəşf etdiyi), bəşərə məlum olan sözlərlə kainatdakı nəzərdə tutduğumuz bizə məlum olmayan yaradılışı ifadə etmək mümkünsüzdü. Hər kəsin bildiyi bir şeyi xatırladım.

Ətrafımızda mövcud olan ancaq bizim görə bilmədiyimiz milyonlarla canlı var. Bizim onları görə bilməməyimiz o varlıqları inkar etməyimizə əsas vermir. Var, ama bizim fiziki gözlərimizə o varlıqları görə bilmək “izni” verilməyib.

Qayıdaq bir daha söhbətin əvvəlinə; Tanrını niyə sözlə ifadə etmək mümkün deyil? Tanrı sözüstü, zamanüstü, məkanüstü, bir sözlə yaradılışüstü Varlıqdır. Ancaq, qənaətim budur ki, Tanrının sözlə ifadəsi mümkündür. Lakin Yerdəki ölçü və sözlə yox. Tanrını ifadə edəcək Sözü Tanrı bizə vermədi. Yəni Tanrını ifadə edəcək Söz çağdaş 7 milyardlıq bəşərin lüğət fondunda yoxdu. Daha aydın desəm, Tanrını ifadə edəcək Söz var, sadəcə o “Söz” insanın lüğət fondunda yoxdu.

Əslində var olub bizimlə eyni dünyanı paylaşan, ancaq bizim üçün olmayan, əsla görə bilmədiyimiz varlıqlar kimi. Bizə məlum olmayan rəngin və ölçünün bizim təsəvvürümüzdə adı olmadığı kimi Tanrını ifadə edəcək söz, rəng və ölçü də Tanrı qatındadır. O Söz insana verilmədi... Məncə şairlər min illərdi o Sözü axtarır...

Namiq Hacıheydərli

Xüsusi olaraq Sitat.info üçün...



Xəbər xətti