"Prezident yanvar ayında TV-lərə verdiyi müsahibədə dedi ki, ölkədə yeni dövr başlayacaq, dünəndən bəri bəzi YAP deputatları, rəsmilər də eyni tezisi təkrar edirlər - əgər bu yenə də özündə ancaq kadr dəyişikiyində ehtiva edəcəksə, dəyişən bir şey olnayacaq. Çünki, isimlərin, adların dəyişməsi islahat deyil, kadr dəyişikliyidir – islahat sistem və oyun qaydalarının dəyişməsi deməkdir. Bunun üçün isə yeni Konstitusiya lazımdır – bu addım atılacaqsa, deməli yeni dövr doğrudan da başlana bilər".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, gözləntilər həqiqətən böyükdür:
"1) İcara Hakimiyyəti ləğv olnunur, Böyük Şəhər Bələdiyyələri təsis olunub birbaşa seçki ilə Mer seçkiləri olur;
2) Yerli özünüidarə orqanları gücləndirilir, öz büdcələri, vergilərdən payı və hesabatlılığı olur, yəni, onlara həm səlahiyyət yerilir, həm də məsuliyyət yüklənir;
3) İnzibati ərazi quruluşu dəyişdirilir, Prezident fərmanı ilə təsis edilmiş 14 İqtisadi Rayon inzibati ərazi vahidinə çevrilir;
4) Proporsional seçki sistemi bərpa edilir, hökumət Parlamentdən çıxır;
5) Prezident yüksək səlahiyyətlərlə Dövlət Başçısı olur, xarici siyasət, təhlükəsizlik, ordu, inzibati ərazi vahidlərində şəxsi nümayəndə - bütün bunlar Dövlət Başçısı kimi Prezidentin səlahiyyətində olur. Prezident İndi həm də hökumət başçısıdır, bu doğru deyil, sosial-iqtisadi məsələlərə cavabdeh olan hökumət Parlamentdən çıxmalıdır və məsuliyyəti də onlar daşımalıdırlar. Parlamentin hökumətə nəzarət funksiyası təkmilləşdirilməlidir;
6) Məhkəmə Hakimiyyətinin formalaşmasında 33% Prezidentin təqdimatı, 33% Parlamentin təyinatı, 33% də Məhkəmə-Hüquq camiyyəsi tərəfindən seçilməlidir;
7) Naxçıvanın statusu ləğv edilməlidir, unitar dövlətdə muxtar əraziyə ehtiyac yoxdur;
8 ) Yeni, sıfırdan vergi və gömrük məcəlləsi qəbul edilməlidir, hədəf də ancaq iqtisadi liberallaşma və iqtisadi aktivliyin artırılması olmalıdır;
9) Prezident ilk olaraq Parlament seçkilərində qalib gəlmiş partiyaya hökumətin qurulmasını tapşırmalı, onların təqdim etdiyi siyahını qəbul etdikdə Parlamentin təsdiqinə yollamalıdır. Əgər 1-ci yer tutan partiya hökumət qura bilmirsə, sonra növbə ilə bu səlahiyyət 2-ci, 3-cü və s. yeri tutan partiyalara həvalə edilməlidir;
10) Ölkənin beynəlxalq imicinin yaxşılaşdırılması üçün haqq-azadlıqlarla bağlı yeni Konstitutsion güvən mexanizmləri yaradılmalıdır.
Çox qısa tezislər bunlardır – yeni dövr idarəetmə sisteminin köklü və fundamental dəyişdirilməsi ilə başlana bilər, hökumət artıq problemləri Qarabağ məsələsinin arxasına sığınaraq ertələyə bilməz. Şükr, məsələ bitdi, Azərbaycanın suverenleyi, ərazi bütövlüyü ən pozitiv, hətta fantastik dərəcədə pozitiv ssenari ilə öz həllini tapdı. İndi məmləkətin iki əsas problemi var – sülh müqaviləsinin imzalanması və Rifah Dövlətinin yaradılması. Bu hədəflərə çatmaq üçün yeni “oyun qaydalarının” təsis edilməsi olmazsa-olmazdır. Bu tək istəklərimiz deyil, obyektiv reallıqdır, bu addımlar atılmasa problemlər də həll olunmayacaq".
Seymur,
Sitat.info