"Xırdalanda, Yasamalda, Biləcəridə, Yeni Günəşlidə, Qaraçuxurda, - indi xatırlamadığım bir çox ərazilərdə divarlarda, fasadlarda bu cür qeydlər görmüşəm: “СК.МЕФ”, “24ks.cc”".
Sitat.info xəbər verir ki, bu sözləri öz feysbuk sosial şəbəkəsində jurnalist Ömər Xəyyam yazıb.
O bildirib ki, bu yazılar cinayətkar narkoşəbəkə tərəfindən yazılır: "Əvvəl elə bilirdim, bu qeydlər qəzalı, yaxud plana düşmüş binalara dövlət qurumları tərəfindən yazılır, xüsusi nişandır. Fəqət gecə təsadüfən “24ks.cc” yazıb Google-də axtardım. Budur, “sintetik ölüm” cəngəlliyi! Bəs demə, “МЕФ” “СК” psixoaktiv/narkotik maddə mefedronun, yaxud mefedron tərkibli dərmanların “ləqəbi” imiş. “24ks.cc” isə narkoşəbəkənin saytıdır. Teleqram botuna bağlıdır. Bu ənənə bizə Belarusdan, Rusiyadan gəlib. Narkoşəbəkə divarlara "şüar"lar yazanlara ya havayı narkotik vasitə verir, ya da maaş. Bir az da araşdırdım, məlum oldu ki, Bakıda binaların fasadına, məktəb divarlarına narkotik satışını təbliğ edən şüarlar yazan 3 nəfər həbs edilib. Məlum olub ki, naməlum şəxslər “СК.МЕФ”, “ГИКС CC” kimi narkotiki təbliğ edən şüarlar yazmaqla ərazidə narkotik vasitələrin, psixotrop maddələrin satışı, təbliği ilə məşğul imiş".
Ömər Xəyyam qeyd edib ki, əfsus, bu məsələdən çoxu xəbərdar deyil: "Çoxu hadisənin mahiyyətini ötürüb, xəbər üç ənənəvi narkokuryerin həbsi kimi oxunub. Fəqət bu ayrı mərhələdir. Diqqətli olmalıyıq. Bu tip qraffiti nümunələri bir növ, neyro linqvistik proqramlaşma metodudur. Mahiyyəti ağırlığında, təfəkkürü boyda telefon işlədən, sevgiyə, qayğıya möhtac, sözün hər iki mənasında dəfələrlə sındırılmış, dəfələrlə təhqir edilmiş travmalı gəncdən ötrü, əlbət, belənçi “işarələr” xoşbəxtliyin elçisidir. Özümüzü, uşaqlarımızı, məhəlləmizi, şəhərimizi, ölkəmizi, gələcəyi qorumalıyıq.
Ömər Xəyyam Yeni Günəşlidə (275 saylı məktəb tərəfdə) çəkdiyi fotoşəkilləri də yayımlayıb.