Ötən il Azərbaycanda 82 mindən çox yeni iş yeri açılıb

10:28 15 Fevral 2024

Ötən il ərzində ölkədə 82,3 min yeni iş yerləri açılıb.

Dövlət Statistika Komitəsindən Sitat.info-ya bildirilib ki, bu dövrdə yaradılmış iş yerlərinin 91,8 faizi qeyri-dövlət sektorunda açılıb.

Yeni açılmış iş yerlərinin 79,7 faizi Bakı şəhərinin, 1,3 faizi Naxçıvan Muxtar Respublikasının, 19,0 faizi digər regionların, o cümlədən 3,6 faizi Abşeron-Xızı, 2,4 faizi Quba-Xaçmaz, 1,9 faizi Gəncə-Daşkəsən, 1,8 faizi Şəki-Zaqatala, 1,7 faizi Şirvan-Salyan, 1,6 faizi Qazax-Tovuz, 1,4 faizi Lənkəran-Astara, 1,3 faizi Mərkəzi Aran, 1,2 faizi Qarabağ, 0,9 faizi Şərqi Zəngəzur, 0,7 faizi Mil-Muğan, 0,5 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 9,4 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,5 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 25,7 faizi tikinti, 18,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,6 faizi emal sənayesi, 6,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 6,7 faizi peşə, elmi və texniki fəaliyyət, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,1 faizi təhsil, 4,0 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi informasiya və rabitə, 8,6 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, 2023-cü il ərzində ölkədə 14,9 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 52,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 47,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 52,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.



Xəbər xətti