Dövlət TV-lərinin sayı artmaqdadır: Bu hansı risklər yaradır?

19:21 2 Aprel 2024

Bu gün ölkəmizdə DOST TV – internet televiziyası fəaliyyətə başlayıb. Bu informasiya resursu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsusdur. Ötən ay isə ASAN TV fəaliyyətə başlayıb. Bu resurs da Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə məxsusdur. Xeyli öncədən də Elm və Təhsil Nazirliyinin Təhsil TV kanalı fəaliyyətdədir.

Burada düşündürücü məqamlar da var. Görəsən dövlət resursları hesabına formalaşan bu tip informasiya resurslarının sayının artması hansısa risklər yaradırmı? Hökumətdə bununla bağlı bir araşdırmalar, düşüncələr varmı?

Sitat.info-ya bu mövzu ilə bağlı danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, ölkənin informasiya sektorunun inkişafı, dayanıqlı informasiya mühitinin formalaşması, informasiyaya əlçatanlığın artırılması və yeni iş yerlərinin yaradılması, ümumiyyətlə milli informasiya resurslarının yaradılması baxımından bu addımlar təqdirə layiqdir və xeyli faydalıdır: "Hazırda bizim elə internet TV kanallarımız var ki (Baku TV, APA TV və s.) onlar hətta sektorda yeni kadrların hazırlanmasında da mühüm rol oynayırlar.

Bununla belə Azərbaycanın media bazarının da yetərincə kiçik olması, reklam gəlirlərinin az olması, monetizasiyaya diqqət yetirilməməsi bu biznesin dayanıqlığı üçün də risklər yaradır. Həmçinin bizim audiovizual bazarda heç bir qeydiyyata düşməyən, heç bir vergi ödəməyən xarici kanalların da əlçatan olması digərləri üçün problemlər yaradır.  

Dövlət resursları, dövlət sifarişləri kəsilən anda bu tip media qurumlarımız ciddi böhran yaşayırlar. Fikrimcə, məhz dövlət büdcəsindən maliyyələşən, dövlət maliyyəsindən asılı olan milli informasiya resurslarının yaradılması əlavə risklər də yaradır".

O.Gündüz vurğuladı ki, xüsusən də, burada rəqabətli mühitlə bağlı, dövlət qurumunun özünü təbliğə üstünlük verməsi, özünü reklamla məşğul olması kimi amillər də var ki, bunlar yolverilməzdir. 

Nərgiz,

Sitat.info



Xəbər xətti