"Azərbaycan Dəmir Yollarının (ADY) İnfrastruktur departamentinin rəhbəri Elçin Zülfüqarovun geniş müsahibəsini oxudum. Çox maraqlı detallar var və əslində yüksək vəzifəli məmurların öz sahələrinə strateji baxışını göstərən açıqlamaların olması çox yaxşıdır, “vizionla” bağlı ip ucları verir.
Elçin müəllimin açıqladığı rəqəmlər çox maraqlıdı – ölkədə 4234 km dəmir yolları varmış və bu yolların böyük əksəriyyəti 20-ci əsrin 50-ci, 60-cı illərində çəkilib. İnfrastruktur çox köhnəlib, ciddi yatırımlara, yenilənməyə ehtiyac var. Doğrudur, ADY hissə-hissə yolları modernləşdirir, təmir edir, amma bu işlərin xeyli sürətləndirilməsinə ehtiyac var, çünki, hər il ayrılan vəsaitin çox olmadığına görə yenilənən yolların həcmi çox deyil".
Bu sözləri Sitat.info-ya açıqlamasında ADY rəsmisi Elçin Zülfüqarovun müsahibəsini dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, bu müsahibədə diqqət çəkən bir neçə məqam var: "Əslində ən azı 3 başlıqda bu məsələnin ciddi müzakirə edilməsinə ehtiyac var:
Birincisi, nəqliyyat sektorunun Azərbaycan ÜDM-də payı son 1 ildə 5,4%-dən 7%-ə yüksəlib – deməli, bu sahənin sürətlə artma potensialı var. Bundan başqa, Azərbaycanın “post-neft” dönəminə artıq daxil olduğunu nəzərə alsaq, ölkə iqtisadiyyatının yeni “driver”-lərə acil ehtiyacı var. Nəqliyyat sektoru, əsasən də dəmir yolları ilə tranzit yükdaşımalar ölkə iqtisadiyyatı üçün yeni fürsətlər aça bilər. Onu da nəzərə alaq ki, Azərbaycanın öz coğrafi mövqeyini iqtisadi dividentə çevirmək, regional nəqliyyat-logistika mərkəzi olmaq planları var – deməli nəqliyyat sektoruna daha çox investisiya qoyulmalı, dəmir yolları həm sürətli, həm də təhlükəsiz olmalıdır. Amma 50-60-cı illərdən qalmış infrastrukturla bunu etmək çətindir, daha sürətli müasirləşmə baş verməlidir ki, indiki qarışıq dünyada yeni nəqliyyat “hub”-ı olmağa imkanımız olsun".
İqtisadçı hesab edir ki, bu proses bir çox iqtisadi -sosial problemləri də aradan qaldıra bilər: "Ötən əsrin 30-cu illərində ABŞ-da ciddi iqtisadi böhran yaşandı. O zaman işsizlik, kasıblıq dəhşətli dərəcədə artmışdı. ABŞ hökuməti böyük depressiyadan, böhrandan məhz nəqliyyat infrastrukturuna küllü miqdarda investisiya qoyaraq çıxdı – milyonlarla iş yeri yarandı, ölkəni Qərbdən Şərqə, Şimaldan Cənuba bağlayan, Atlantik okeanını Sakit Oken ilə birləşdirən dəmir yolları şəbəkəsi quruldu. Nəticədə ABŞ iqtisadiyyatı böhrandan çıxdı və bu gün də ölkənin əsas yolları o zaman tikilən yollardır. İndi bizim də qarşımızda dövlət investisiyalarının rasional xərclənməsi, bunun iqtisadi aktivliyə böyük dəsək verməsi vəzifəsi var – məncə, 4234 km-lik dəmir yollarının sürətlə müasirləşdirilməsi layihəsi onminlərlə iş yeri və yeni iqtisadi fürsətlər yarada bilər".
N.Cəfərli onu da vurğuladı ki, Azərbaycan Cənubi Qafqazın lideridir, bölgəmizin gələcəyində ölkəmiz açar rol oynayır: "Bundan sonra da ölkəmizin rolu artacaq. Əgər biz dəmir yollarını tez və keyfiyyətlə modernləşdirsək, bu rol daha da artacaq, obrazlı desək, bütün yollar Bakıya aparacaq. Həm də, əgər sürətli və təhlükəsiz dəmir yolları şəbəkəsi yaransa Bakının nəqliyyat, tıxac problemlərini də həll etmək olar – söhbət tək Sumqayıt istiqamətindən, Bakıətrafı qəsəbələrdən getmir. Bakıdan 200-250 km aralıda olan rayon və şəhərlərdən Bakıya 1-1,5 saata qatarla çatmaq mümkün olsa, həmin bölgələrdən Bakıda iş tapıb kirayə mənzildə qalanlar, regionlarda elə öz mənzillərində yaşayaraq Bakıda işləyə bilərlər. Zatən bu gün Bakıda 1-1,5 saat öz maşını ilə tıxacla və ya bir neçə marşrut dəyişməklə işə gedib-gələnlər... Yəni, ölkənin sürətli və təhlükəsiz, həm də ekoloji təmiz sürətli dəmir yolları şəbəkəsi ilə əhatə edilməsi tək tranzit yükdaşımaları artırmaqla qalmaz, həm də Bakının sıxlığını aradan qaldıra bilər.
Bu məsələlərə görə, məncə, dövlət büdcəsindən nəqliyyat sektoruna, dəmir yollarına “xəsislik” etmədən daha çox vəsait ayrılmasına çalışmalıdır Bu sahəyə özəl yatırımların, xarici investorların cəlbi üçün çalışmaq lazımdır. İnvestora, özəl sektora güvən vermək, gələcəyi göstərmək, ortaya “vizion” qoymaq lazımdır. İnstitutsional maneələr aradan qaldırılmalıdır, qanunları optimallaşdırmaq, rəqabəti artırmaq lazımdır. Başqa yol yoxdur, hamımız anlamalıyıq ki, ölkə artıq “post-neft” dönəmindədir, neftən gələn gəlirlər azalır-azalacaq. Deməli tənbəlliyin daşını atmalı, ölkənin qazancının artması üçün müxtəlif yollar (həm də dəmir yollar) tapmalıyıq...".
Səid,
Sitat.info