"İkinci Qabarabağ müharibəsində böyük qələbəmizdən sonra Putin publik çıxışlarında, ən azı, 4 dəfə dedi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarkən, Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edərkən bizlə məsləhətləşməyib. Hətta çıxışlarının birində, “Ermənistan rəhbərliyinin Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etməsi bizdə təəccüb doğurdu” kimi cümlə işlətdi. Xatırladım ki, Azərbaycanın ərazi bütövlüyünü, Qarabağın Azərbaycana aid olduğunu Paşinyan Praqa görüşüdə, yəni, Qərbdə elan etmişdi. Rusiya XİN rəhbəri Lavrov da bir neçə dəfə çıxışlarında Ermənistanın məsləhətsiz davrandığını, Qarabağ məsələsində Moskvanın sözünə qulaq assaydı vəziyyətin başqa cür olacağını bəyan edib".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, Rusiyanın niyyəti Qarabağın statusu məsələsini ən sona saxlamaq olub: "İki gün öncə isə XİN sözcüsü Zaxarova daha irəli getdi – dedi ki, NATO, ABŞ və AB Ermənistanı MƏCBUR etdilər ki, Qarabağın Azərbaycana aid olduğunu, Azərbaycanın ərazi bütövlüyünü tanısın. Açıq söylədi ki, biz Qarabağın statusu ilə bağlı məsələlərin sonra müzakirə edilməsini istəyirdik, 2020-ci ildə elə danışıb-anlaşmışdıq, Paşinyan və Ermənistan isə Qərbin təzyiqi və təsiri ilə Qarabağın Azərbaycana aid olduğunu bəyan edərək bu işi pozdu.
Xub, adi məntiq var – belə çıxır ki, Azərbaycanda səhərdən-axşamacan söyülən Qərb ermənipərəst deyil də, Azərbaycanpərəstdir, onlar Paşinyana təzyiq ediblər, ciddi təsir göstəriblər, sırf Azərbaycan mövqeyindən çıxış edərək ölkəmizin ərazi bütövlüyünün tanınmasında mühim rol oynayıblar. Paşinyan da məcbur qalıb Qarabağın Azərbaycan torpağı olduğunu bəyan edib imzalamaqla, Rusiyanın oynunu pozub. Yaxşı, bəs niyə bizdə, yəni media məkanında, publik siyasətdə bu işə mane olmağa, münaqişəni yaradan və “diri” tutmağa çalışan Rusiya deyil də, ərazi bütövlüyümüzü tanıyan Paşinyan, onu bu addıma məcbur edən Qərb tənqid edilir, aşağılanır?! Məntiq varmı burda?!".
N.Cəfərli vurğuladı ki, Qərbin bu regionda problemi Rusiya ilədir, Azərbaycanla deyil: "Bu gün Brüsseldə baş tutacaq görüşdən öncə ABŞ-dan, AB-dən Azərbaycan Prezidentinə gələn zənglər ölkəmizin bölgədə açar dövlət olduğunu, bu sammitin Bakıya qarşı deyil də, Moskvaya qarşı olduğunu göstərmək üçündür, məmləkətin nüfuzunun göstəricisidir. Bu məsələdə haqlı narahatlıq ifadə etməyimiz doğrudur, amma çox da irəli getməyə ehtiyac yoxdur. Dəfələrlə dediyim məsələni bir daha təkrar edim: Rusiya-Ermənistan münasibətlərində biz tərəf olmayaq – yetər. Özləri bilər, çox yaxındırlar, iç-içədirlər, bir-birlərini sevsələr də, söysələr də özləri bilərlər. Yeri gəlmişkən, bu sammitə Fransanın dəvət almaması da çox maraqlıdır – mənə elə gəlir ki, Qərbdə Fransanın Rusiya ilə müxtəlif məsələlərdə birgə “oynamaq” istədiyini daha aydın görürlər, bunu bilirlər. Bir daha – bölgəmizə sülh, əməkdaşlıq lazımdır, bunun üçün bütün regional oyunçularla işləmək lazımdır. Zatən yanımızda, arxamızda Türkiyə var, xarici siyasət və təhlükəsizlik məsələlərində birgə davranırıq, bu çox vacib ittifaqdır. Bölgəmizin gələcəyini məhz bu ittifaq şəkilləndirəcək...".
Nərgiz,
Sitat.info