Son günlər Azərbaycanla Ermənistan arasında sülh istiqamətində proseslər sürətlənir. Qazaxın 4 kəndinin qaytarılması, delimitasiyanın sürətlənməsi və sair Ermənistan ictimaiyyətini qıcıqlandırıb, hakimiyyətə qarşı etirazlar artıb. Bəs hazırda Paşinyan hakimiyyətinə təhlükə varmı? İrəvanda hər hansı hadisə baş verərsə prosesləri necə etkiləyə bilər? Pozitiv gəlişmələrdə aparıcı dəstək qüvvəsi Qərb, yoxsa Rusiyadır?
AĞ Partiya sözçüsü, siyasi təhlilçi Cavanşir Abbaslı Sitat.info-ya açıqlamasında bildirdi ki, Ermənistan ictimaiyyətinin etirazları heç nəyi dəyişməyəcək: "Sülhə heç vaxt görünmədiyi qədər yaxınıq” fikirlərini Ali Baş Komandan Moskva səfərindən sonra boşuna demədi. Əslində bununla cənab prezident Rusiyanın sülh danışıqlarında əsas aparıcı qüvvə olması roluna da toxundu. Sülh istiqamətində Azərbaycan ancaq və ancaq uduşdadır, uğurlu siyasət yürüdülür və diplomatik masaya da Dəmir Yumruq endirməyə olduqca yaxınıq. Ermənistan ictimaiyyəti nə qədər qıcıq olursa olsun, yaxud da etiraz edirsə etsin, heç bir nəticə olmayacaq. Onlar qatarda 2020-ci ilin 27 sentyabra qədər sərnişin idilər, ondan sonra silib, süpürüb, birdəfəlik Qarabağ qatarından salmışıq. Bu yerdə Allah şəhidlərimizə rəhmət etsin deməyi unutmayaq”.
Partiya təmsilçisi indiki vaxtda Paşinyan iqtidarına bir təhlükə görmədiyini deyir: “Etiraf edək ki, erməni baş nazirin daxildəki nüfuzu rəqiblərinə nisbətdə hələ ki, üstündür. Bu amil də indiki mərhələdə onun hakimiyyətini qorumağa yetir. Ona görə də, yaxın illərdə Paşinyanın hakimiyyətini itirəcəyinə inanmıram. Hələ oyunlarını bir müddət davam etdirəcək. Amma onun siyasət kursunun dəyişə biləcəyini istisna etmirəm. Çünki Rusiya ilə bu qədər burun-buruna dayanmağa nə özünün, nə də ölkəsinin gücü yoxdur. Sadəcə Zelenski kimi ölkəsini Rusiya qarşısında tam darmadağın etdirəcək səviyyəyə çatdırmayacaq.
Hazırkı durumda hər hansı bir inqilabı hərəkətlər 6 ildən sonra da Ermənistanda gözlənilmir. Sülh danışıqlarına təsir edə biləcək durum ortalıqda yoxdur və hesab edirəm ki, Paşinyan da artıq sülhün bağlanmasını istəyir. Çünki, vaxtın uzanması ilə hər hansı bir nəticəyə nail ola bilməyəcəyini yaxşı anlayır. Sadəcə erməni cəmiyyətinə göstərmək istəyir ki, mən əlimdən gələni etdim. Azərbaycanın qazandığı parlaq qələbələrin nüfuzuna ciddi təsir etdiyini görməmiş deyil”.
Müsahibimiz Rusiyanı Qərbdən daha səmimi görür: “Hazırda bizim üçün cərəyan edən müsbət, pozitiv proseslərdə əsas təsir qüvvəsi kimi təbii ki, Rusiyanı görməmək mümkün deyil. Bunun əksini dilə gətirənlər sadəcə qərəzlidir. Onlara da haqq verməmək mümkün deyil. Çünki, tarix boyu başımıza gətirilən bəlaların əsas baiskarı şimal qonşumuz olub. Amma bu o demək deyil ki, indi duraq deyək ki, bəs Amerika başda olmaqla Qərb dairələri bizim tərəfdədir və s. Biz sevsək də, sevməsək də, qəbul etsək də, etməsək də, bu bir reallıqdır ki, bu regionun əsas güc sahibi Rusiyadır və biz bu güclə ehtiyatlı davranmalıyıq.
İndiki durumda Putin Rusiyanın Azərbaycana yönəlik yürütdüyü siyasət bizi tam qan edir. İlham Əliyevin də iki gün öncəki Moskva səfəri alqışlanmalıdır. Tam yerində edilmiş səfər idi. Bizə Qərbdən heç zaman nicat gəlməyib və bundan sonra da gəlməyəcək. Rusiyanı qoyduq kənara. Minsk qrupunun digər iki həmsədr ölkəsi Amerika və Fransa bizim haqq savaşımızda nə zaman yanımızda durublar? Daxilimizdə bəzi boşıbaş, adlarını “ekspert” qoyanlar var ki, işlətdikləri ifadələr ancaq və ancaq Azərbaycan və Rusiya əlaqələrini pozmağa yönəlib. Belələrini efirə çıxaranlar da az məsuliyyət daşımır. Bunlar anlamır ki, Rusiya bir gücdür və biz bu gücün qarşısında balanslı siyasət yürütməklə əslində nəticələrimizi boşuna əldə etməmişik. Qazaxın 4 kəndinin qaytarılmasına, ondan öncə tarixi şəhərimiz Xankəndinin azad edilməsinə göz yuman, üstəlik günlər öncə sülhməramlılarını ərazimizdən çıxaran bir nəhəng ölkə ilə necə davranmalıyıq? O başıboşlar idi ki, rusların heç zaman ərazilərimizi tərk etməyəcəklərini deyirdilər. Nəticə isə məlumdur. Bütün bunlara görə müxalifət tərəfi təmsil etsəm də, şəxsən Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm”.
Seymur,
Sitat.info