Bu gün Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.5%-dən 7.25%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.5%-dən 8.25%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.
Burada , iki sual önə çıxır: kredit faizləri azalacaqmı, manatın məzənnəsinə təsiri olacaqmı?!
Sitat.info-ya açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, çox ciddi dəyişikliklər gözlənilmir: " Mərkəzi Bank (MB) kimi çox ciddi dövlət institutunun qərarlarının iqtisadiyyata çox ciddi təsirləri olmalıdır, təəssüf ki, məmləkətdə çox primitiv iqtisadi model var deyə, MB-ın qərarları “multiplikativ effekt” yaratmır – yəni, məsələn, FED, inkişaf etmiş ölkələrin MB-ı, Türkiyə MB və s. qərar verərkən qiymətli kağızlar bazarını, məzənnə siyasətini nəzəra alır, inflyasiya basqılarını azaltmağa çalışır. Bizdə isə qiymətli kağızlar bazarı yoxdur, məzənnə inzibatidir, bazar iqtisadiyyatının institutları yoxdur, və ya zəifdir".
N.Cəfərli vurğuladı ki, Mərkəzi Bankın bütün istəklərinə, müasir iş prinsipləri üzrə fəaliyyət qurmaq cəhdlərinə baxmayaraq, iqtisadiyyatın özündən qaynaqlanan problemlərə görə qərarları ciddi effekt yarada bilmir: "Yəni, MB bu sistemdə nə qədər çalışsa da, təsir mexanizmləri yaratmaqda çətinlik çəkir, deməli iqtisadi sistem dəyişməlidir ki, MB da Dövlət orqanı olaraq həm hökumətə, həm də iqtisadiyyata ciddi təsir mexanizmləri yarada bilsin".
Əsas suala gəldikdə isə, iqtisadçı bildirdi ki, MB-ın bu qərarı kredit faizlərinin aşağı düşməsinə təsir etməyəcək: "Məzənnə inzibati qaydada tənzimləndiyinə və siyasi qərarla dəyişdiriləcəyinə görə o məsələyə də təsiri olmayacaq. Onu da deyim ki, bu il devalvasiya olmayacaq. Amma 2025-in sonu, 2026-nın əvvəli hökumət bu addıma getməyə məcbur qalacaq...".
Nərgiz,
Sitat.info