Çox tez-tez gündəmə gətirilən, amma hələ də tam şəkildə həll yolunu tapmayan əsas məsələlərdən biri də uşaqpuludur. Sözügedən problemin həlli ilə bağlı hansı yeniliklər gözlənilir?
Sitat.info xəbər verir ki, mövzu ilə bağlı sonxeber.az-a iqtisadçı ekspert Natiq Cəfərli danışıb.
Ekspert açıqlamasında ölkədəki uşaqların sayını nəzərə alaraq bildi ki, o qədər uşaqa vəsaitin ayrılması büdcə üzərində böyük maddi yük yarada bilər:
"Ümumi adı el arasında "uşaqpulu" adlanan məsələ artıq uzun illərdir həm müzakirə olunur, həm də ciddi bir gözlənti yaradır. Hökumətin mövqeyi bundan ibarətdir ki, müxtəlif sosial lahiyələr çərçivəsində uşaqlara vəsaitlər yönəldilir. Yəni, imkansız ailələrə yardımlar, sosial müavinətlərin verilməsi, valideyinini itirmiş uşaqların saxlanılması üçün, əngəlli insanlar üçün ümumilikdə bir neçə istiqamətdən pul ayrıldığını söyləyir. Hökumətin rəsmi mövqeyi budur. Amma gözlənti də ondan ibarətdir ki, bu birdəfəlik sistem halına gəlsin və bu sistemli şəkildə, anadan olmuş uşaqlara valideyinlər tərəfindən xərclənən vəsaitin bir qismi dövlət tərəfindən qarşılanması sisteminə keçid baş versin. Anlayıram ki, ölkədə 2,7 milyon 0-18 yaşlı uşaqlar var. Bunların hamısına vəsitin ayrılması büdcə üzərində böyük bir maddi yük yarada bilər və hökumətin də çəkindiyi nöqtə bundan ibarətdir. Amma addım-addım bu işi görmək olar və belə şəkildə görmək üçün qanunlarda müəyyən dəyişikliklərə ehtiyac var. Məsələn ilkin addım kimi ailədə ikinci uşağa ayda 100 manat olmaqla vəsaitin verilməsi qanun şəkilində qəbul oluna bilər. Ölkədə təqribən 9000 aildə ikinci uşaq var. Bu qədər uşağa 100 manat vəsitin verilməsi büdcəyə böyük bir yük gətirməz. Yavaş-yavaş ilk addımı atdıqdan və büdcə buna adaptatsiya olunduqdan sonra gələcəkdə 2-ci, 3-cü, 4-cü uşaqlara da eyni qaydada vəsaitlərin verilməsi məsələsi gündəmə gələ bilər".