COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilib

16:58 9 Noyabr 2024

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransının tədbir məkanında yerləşən Mavi Zonası COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) rəsmi surətdə müvəffəqiyyətlə təhvil verilib.

Oxu.Az-a COP29 Azərbaycan Əməliyyat Şirkətindən verilən məlumata görə, Mavi Zona BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə olunan rəsmi konfrans və danışıqlar məkanıdır. COP29 zamanı bütün sessiya, görüş, əlavə tədbir və mətbuat konfransları məhz Mavi Zonada keçiriləcək. Mavi Zonaya yalnız UNFCCC tərəfindən akkreditasiya olunmuş iştirakçılar buraxılacaqlar.

"Mavi Zonanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) təhvil verməklə COP29 Azərbaycan Əməliyyat Şirkəti mühüm əməliyyat mərhələsinə yekun vurub. Nümayəndə heyətlərinin tədbir məkanında rahatlığının təmin edilməsi üçün burada müvafiq şərait yaradılıb. Mavi Zonada təxminən 39 piyada yoxlama-keçid zolağı, akkreditasiya üçün 35 qeydiyyat masası, müyəssərliklə bağlı üç xüsusi yardım masası, eləcə də doqquz əlavə və beş xüsusi tədbir otağı, habelə nümayəndə heyəti üçün 132 ofis yerləşir. Burada, həmçinin, nümayəndələr üçün müxtəlif qida və içkilərin təklif olunduğu müxtəlif iaşə sahələri yerləşir", - deyə məlumatda qeyd olunur.

Həmçinin bildirilir ki, konfrans zamanı hər gün səhər saat 7:00-dan saat 22:00-a kimi əsas nəqliyyat qovşaqları ilə Bakı Stadionu arasında konfransın xüsusi marşrut avtobusları işləyəcək. Bununla yanaşı, axşam saat 22:00-dan sonra da stadionda qalan insanlar üçün məhdud sayda marşrut avtobusları xidmət göstərməyə davam edəcək. COP29-un qonaqları yenicə istifadəyə verilmiş və strateji mövqelərdə yerləşən nəqliyyat qovşaqlarını, eləcə də tədbirin keçirildiyi yer və zonaları, habelə qonaqlama yerləri haqqında məlumatları özündə əks etdirən Rəqəmsal Nəqliyyat Xəritəsindənonlayn qaydada istifadə etməklə Bakı Stadionuna gediş-gəlişi planlaşdıra biləcəklər.

COP29-un Mavi Zonası bütün nümayəndələrin, eləcə də maraqlı tərəflərin builki mühüm konfransda konstruktiv iştirakı üçün tələb olunan şərait nəzərə alınmaqla hazırlanıb.
 

 



Xəbər xətti