BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) “ATACH Günü” keçirilib.
Sitat.info xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev iqlim dəyişikliyinin qlobal problem və bəşəriyyət üçün real təhlükə kimi dövrümüzün ən çox müzakirə olunan mövzularından biri olduğunu qeyd edib:
“Son vaxtlar yalnız uzaq gələcəkdə mümkün kimi qəbul edilən problem indi qapımızı “döyür”. Quraqlıq, su qıtlığı, anomal istilər və dəniz səviyyəsinin qalxması insanları əsrlər boyu yaşadığı məkanlardan tərk etməyə məcbur edir”.
Nazirin sözlərinə görə, ölkələrin və ayrı-ayrı şəxslərin üzləşdiyi iqtisadi itkilər əhəmiyyətli olsa da, bu itkilər müəyyən dərəcədə geri qaytarıla bilər: “Bununla belə, qarşısıalınmaz olan odur ki, iqlim dəyişikliyinin nəticələrinin ən ağır yükünü daşıyanların sağlamlığı və həyatı itkisidir. Əslində, sağlamlığa təsirlər hazırda müşahidə etdiyimiz iqlim dəyişikliyinin ilk və ən ani təsirlərindən biridir. Bu, açıq şəkildə göstərir ki, iqlim dəyişikliyi ilə bağlı hər hansı müzakirə onun sağlamlığa təsirini nəzərə almadan natamamdır”.