44 günlük Vətən müharibəsinin qəhrəmanlarına həsr olunan "SƏS" tamaşasının premyerası keçirildi FOTOLAR

16:57 5 Dekabr 2024

Dekabrın 3-də C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında  Adilə Nəzərin “Axirətdən gələn səs” qəhrəmanlıq dramı əsasında İftixarın “Səs” adlı rejissor tamaşasının premyerası keçirilib.

Avanqard üslubda, qeyri-səlis təbəddülatla nümayiş olunan səhnə əsəri Qarabağ müharibəsində şücaət göstərən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ərazi bütövlüyümüz yolunda canlarını fəda edən şəhidlərimizin mübarizə amallarını təcəssüm etdirir.

Tamaşanın quruluşçu rejissoru, bədii və musiqi tərtibatının, rəqslərin quruluşçusu Əməkdar mədəniyyət işçisi İftixar Piriyevdir.

“Səs” 44 günlük Vətən müharibəsi mövzusunda tamaşaya qoyulan ilk əsərdir. Əsərdə baş qahrəmanla yanaşı Milli Qəhrəman Mübariz İbrahimov, Polad Həşimov və digər qəhrəmanlarımız da ümumiləşdirilmiş Komandir obrazında yad edilir.

Premyerada ölkənin tanınmış simaları – millət vəkilləri, ədəbiyyatşünas-alimlər, sənətşünaslar, şəhid ailələri, qazilər və media nümayəndələri iştirak ediblər. Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

 Rollarda Səmayə Nəbiyeva (Səmayə ana), Samir Əliyev (Vüsal), Əməkdar artist Esmiralda Şahbazova (Mədinə), Niyaməddin Səfərəliyev (İslam), Natiq Həziyev (Milli qəhrəman), Pərvin Dadaşova (İnci), Anar Həşimov (Elyar), Naibə Nemətova (Afaq), Xədicə Məmmədova (Snayper) və başqaları oynayıblar.

Qeyd edək ki,  Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı həmlə taborunun komandiri olub. Murovdağdan başlanan döyüş yolu Şuşanın azadlığınadək davam edib. Mayor Vüsal Vəliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. 14 dekabr 2020-ci il tarixdə Şərur rayonundakı Şəhidlər Xiyabanında dəfn olunub. Hərbi hissə qarşısında qoyulmuş bütün tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, döyüşdə şücaət və igidlik göstərdiyi üçün mayor Vüsal Vəliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamıyla “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib. Mayor Vüsal Vəliyev nişanlı idi.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Sitat.info




Xəbər xətti