Qəzada həlak olan 4 nəfərin nəşi Azərbaycana gətiriləcək

20:20 26 Dekabr 2024

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarədə həlak olan dörd nəfərin nəşi bu gün Bakıya gətiriləcək.

Sitat.info xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Adil Abdullayev deyib.

Onun sözlərinə görə, həyatını itirən şəxslərin cənazəsi ölkəyə AZAL-a məxsus təyyarə ilə gətiriləcək.

General-mayor bildirib ki, yaralılardan yeddi nəfəri FHN-nin xüsusi təyyarəsi ilə həkim və peşəkar psixoloqların müşaiyəti ilə Bakıya gətiriliblər və onların müalicəsi paytaxtın tibb müəssisələrində davam etdiriləcək.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.



Xəbər xətti