Yeni qanun layihəsi parlamentdə müzakirəyə çıxarıldı

11:41 27 Dekabr 2024

Milli Məclisin bu gün keçirilən iclasında “Diplomatik xidmət haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

“Sitat.info” xəbər verir ki, yeni qanunda diplomatik xidmətin prinsipləri, diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətləri, diplomatik xidmət orqanı əməkdaşlarının əsas vəzifələri və hüquqları, onlara şamil olunan məhdudiyyətlər, əməkdaşların həvəsləndirilməsi tədbirləri, hansı qaydada intizam məsuliyyətinə cəlb ediləcəkləri, diplomatik xidmət orqanlarında vəzifələrin yeni təsnifatı, əməkdaşların rotasiyası qaydası, onların geri çağırılmasını şərtləndirən yeni hallar, diplomatik xidmət orqanı əməkdaşının sərəncamda olması və vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması, diplomatik xidmət stajının hesablanması qaydası və diplomatik xidmətdə olmanın yaş həddi müəyyənləşir.

Bundan başqa, yeni qanuna əsasən, diplomatik xidmət orqanlarının yeni funksiyaları, diplomatik xidmət orqanı əməkdaşlarının əməyinin ödənilməsi sahəsində yeniliklər, diplomatların və ailə üzvlərinin təminatı və kompensasiyaları, diplomatik rütbələrin verilməsi sahəsində yeniliklər, diplomatik xidmətə qəbulla bağlı məhdudiyyətlər nəzərdə tutulur.

Yeni qanunda diplomatik xidmət əməkdaşlarının and içməsi, diplomatların xidməti fəaliyyətinin qiymətləndirilməsi və attestasiyasının həyata keçirilməsi, diplomatik xidmət orqanlarında hansı hallarda xidmətə xitam verildiyinə dair müddəalar da var.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin bugünkü iclasında digər qanunlara edilən dəyişiklərdə isə diplomatların həyat yoldaşları üçün yeni imtiyazlar, yeni vergi güzəştləri müəyyənləşir, diplomatları və ailə üzvlərinin əmək pensiyasına qulluq stajına görə əlavələr təyin edilməsi nəzərdə tutulur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.



Xəbər xətti