Qazaxıstana təyyarə qəzası ilə bağlı təzyiq edilir?

18:14 28 Dekabr 2024

Dərhal deyim ki, bu yalan məlumatdır. Heç bir ölkədən heç kim bu qəzanın səbəblərini aydınlaşdırmaq prosesinə müdaxilə etməyə çalışmır. Biz burada heç bir problem görmürük.

Axar.az xəbər verir ki, bunu Qazaxıstan Baş nazirin müavini və hökumət komissiyasının rəhbəri Kanat Bozumbayev Tengrinews.kz müxbiri ilə söhbətində Aktau yaxınlığındakı təyyarə qəzasının araşdırılması məsələsində xarici təzyiqə məruz qalması ilə bağlı məlumatı şərh edərkən deyib.

Onun sözlərinə görə, Qazaxıstan təyyarə qəzasının araşdırılmasında maraqlı olan bütün ölkələrin geniş iştirakını təmin edib:

“Bunlar ilk növbədə üç ölkədir: Azərbaycan, Rusiya və istehsalçı ölkə Braziliya. Onların bütün nümayəndələri, ümumilikdə 17 nəfər artıq işləyir. Hansısa səbəbdən kiməsə təzyiq etməyin mənası yoxdur. Bundan əlavə, Qazaxıstan 1992-ci ildən Çikaqo Konvensiyasının üzvüdür. Və ona uyğun olaraq aviasiya təhqiqatlarının aparılması ilə bağlı hər hansı qərarı araşdırma aparan dövlət qəbul edir. Yəni kimi cəlb etmək, kiminlə işləmək və sairə ilə bağlı istənilən qərarları yalnız biz verə bilərik. Biz özümüz qərar veririk ki, cəmiyyətdə kiminsə kiməsə təzyiq edib-etməyəcəyi ilə bağlı sual olmasın”.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.



Xəbər xətti