2024-cü ilin təyyarə qəzaları: Yüzlərlə insan həlak oldu

09:42 1 Yanvar 2025

2024-cü il həm də baş verən dəhşətli aviasiya hadisələri ilə yadda qaldı.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu ilin ən böyük aviasiya qəzaları Cənubi Koreya, Braziliya, Qazaxıstan, Nepal, Malavi, Tailand, İran, Kanada, Yaponiya və Sinqapurda qeydə alınıb.

Yaponiya:

Yanvarın 2-də Tokionun Haneda hava limanında Yaponiya Hava Yollarına (JAL) məxsus sərnişin təyyarəsi Sahil Mühafizəsinin təyyarəsi ilə toqquşub.

Sahil mühafizə təyyarəsindəki 6 ekipajdan 5-i həyatını itirib.

Kanada:

Yanvarın 23-də Kanadada mədən işçilərini daşıyan "Northvestern Air" təyyarəsinin qəzaya uğraması nəticəsində 4-ü sərnişin və 2-si ekipaj üzvü olmaqla 6 nəfər həyatını itirib, 1 sərnişin isə sağ qalıb.

İran:

Mayın 19-da İran Prezidenti İbrahim Rəisi və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianı daşıyan ABŞ istehsalı olan Bell 212 tipli helikopter Azərbaycan sərhədinə yaxın Varzekan bölgəsində dağlıq ərazidə qəzaya uğrayıb.

Helikopterdə sağ qalan olmayıb.

Sinqapur:

Londondan Sinqapura uçan Sinqapur Hava Yollarına məxsus Boinq-777-300ER tipli sərnişin təyyarəsi mayın 21-də Myanma hava məkanında güclü turbulentliyə daxil olub. Sərnişinlərin və ekipajın kabinəyə atıldığı hadisədə bir nəfər infarkt keçirərək həyatını itirib. Bundan başqa, 104 nəfər yaralanıb.

Malavi:

Malavinin vitse-prezidenti Saulos Klaus Çilima və keçmiş birinci xanım Şanil Dzimbiri də daxil olmaqla, 9 nəfər iyunun 10-da paytaxt Lilonqvedən Mzuzuya gedərkən hərbi təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.

Nepal:

Cənubi Asiya ölkəsi Nepalın Saurya Hava Yollarına məxsus CRJ-200 tipli kiçik sərnişin təyyarəsi iyulun 24-də paytaxt Katmandudan Pokhara hava limanına enərkən qəzaya uğrayaraq alovlanıb və göyərtəsində olan 18 nəfərin hamısı həyatını itirib.

Kapitan pilot sağ qalıb.

Braziliya:

Avqustun 11-də Parana əyalətinin Kaskavel şəhərindən San-Pauluya getmək üçün havaya qalxan ATR-72 təyyarə Vinhedo şəhərində qəzaya uğrayıb və göyərtəsində olan 62 nəfər həyatını itirib.

Tailand:

Suvarnabhumidən Trat şəhərinə uçan Cessna Caravan C208B tipli təyyarə avqustun 23-də Banqkokdan 100 kilometr cənub-şərqdə qəzaya uğrayıb.

Təyyarədə olan 9 nəfər həlak olub.

Qazaxıstan:

25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Cənubi Koreya:

Dekabrın 29-da Tailandın Banqkok şəhərindən havaya qalxan "Jeju Air"in 7C2216 nömrəli sərnişin təyyarəsi Cənubi Koreyanın paytaxtı Seulun Muan Beynəlxalq Hava Limanında eniş şassisi bağlı halda gövdəsinə endikdən sonra divara çırpılıb.

Ölkənin ən dəhşətli təyyarə qəzası kimi tarixə düşən hadisədə 4-ü ekipaj üzvü olmaqla 179 nəfər həyatını itirib, 2 kabinə işçisi isə xəstəxanada müalicə olunub.



Xəbər xətti