İran yenə həddini aşdı

17:15 2 Yanvar 2025

Xarici siyasətdə, o cümlədən qonşu dövlətlərlə əlaqələrdə ciddi problemlər yaşayan İran İslam Respublikası, rəsmi bəyanatlara rəğmən, yeni ilə Azərbaycanla münasibətlərdə növbəti gərginliklə başlayıb.

Sitat.info xəbər verir ki, bu barədə "Azad İran" Yutub kanalında yayımlanan süjetdə qeyd olunub.

Bildirilib ki, 2025-ci ilin ilk günü, yanvarın 1-də İran səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb, dekabrın 29-da Ərdəbil əyalətində keçirilmiş tədbirdə Azərbaycanın və onun Prezidentinin ünvanına səsləndirilən təhqiramiz ifadələrə görə Tehran tərəfinə kəskin etiraz bildirilib, bu kimi təxribatlara son qoyulması tələb olunub.

"Rəsmi Bakının atdığı bu addım danılmaz hüquqi əsaslara malikdir, bu da İran hakimiyyətinə sözügedən tədbiri və orada səslənən iddiaları başqa cür qələmə vermək, yaxud malalamaq şansı qoymur.

Belə ki, birincisi, Ərdəbilin "Əzəm məscidi"ndə keçirilmiş "Müqavimət Cəbhəsi" şəhidlərinin və Çaldıran şəhidlərinin anım mərasimi" qabaqcadan elan edilmiş rəsmi tədbir olub. İkincisi, tədbirin keçirilməsinə xeyir-dua verən, onda iştirak və çıxış edən Ayətullah Seyid Həsən Amili rəsmi şəxsdir, yəni İranın ali rəhbəri Ayətullah Əli Xameneinin Ərdəbil əyalətindəki səlahiyyətli nümayəndəsi və Ərdəbil şəhərinin imam-cüməsidir. Bundan başqa, tədbirin əsas təşkilatçısı olan "Ənsar əl-Mehdi Heyəti" SEPAH-ın nəzarəti altında fəaliyyət göstərən rəsmi qurumdur. Həmçinin, tədbirdəki çıxışında Azərbaycan və Türkiyə prezidentlərinin ünvanına təhqiramiz ifadələr işlədən şəxs təsadüfi adam deyil, "Ənsar əl-Mehdi Heyəti"nin Ərdəbil bölməsinin rəhbəridir. Özü də tədbir İran Dövlət Teleradio Təşkilatının "Xəbər Şəbəkəsi" adlanan kanalı ilə canlı yayımlanıb, bu da həmin tədbirə ən yüksək səviyyədə dəstək verildiyi anlamına gəlir", - deyə müəllif vurğulayıb.



Xəbər xətti