Qəzzada silahlar susmuş ola bilər, amma Mahmud Əbu Dalfa üçün əzab bitməyib. O, müharibənin ilk aylarından evinin dağıntıları altında qalan həyat yoldaşı və beş uşağının cəsədlərini çarəsizcə axtarır.
Sitat.info xəbər verir ki, Reuters onun haqqında reportaj hazırlayıb. Əbu Dalfanın həyat yoldaşı və uşaqları 2023-cü ilin dekabrında İsrailin Qəzza şəhərinin Şecaia ətrafındakı binaya endirdiyi hava hücumu zamanı onun ailəsindən həlak olan 35 nəfərin arasındadır. Bombalar düşməyə davam edərkən, yalnız üç cəsəd çıxarıla bilmişdi.
"Uşaqlarım hələ də dağıntılar altındadır. Mən onları çıxarmağa çalışıram... Mülki müdafiə gəldi, cəhd etdilər, amma dağıntılar işi çətinləşdirir. Bizim burada şəhidləri çıxarmaq üçün texnikamız yoxdur. Bizə ekskavator və maşın lazımdır - Əbu Dalfa Reuters-ə deyib.
"Həyat yoldaşım beş övladımla - üç qızım və iki oğlumla birlikdə öldürüldü. Üçəmlərim öldü", - o deyib.
Müsəlman və ərəb icmalarında dəfnlər adətən ölümdən sonra bir neçə saat ərzində həyata keçirilir və cəsədlərin götürülməməsi və ləyaqətli dəfn edilməməsi mərhumun ailəsi üçün çox əzabvericidir.
"Ümid edirəm ki, onları çıxarıb məzar edə bilərəm. Bu dünyadan tək istəyim budur. İstəmirəm mənə ev tiksinlər və ya başqa bir şey versinlər. İstədiyim tək şey onlar üçün bir məzarlıqdır. Onları çıxarın və qəbir düzəldin" -Əbu Dalfa tək istəyini ifadə edib.
Fələstin Mülki Fövqəladə Xidməti və tibb işçiləri bazar günü Həmas ilə İsrail arasında 7 mindən çox qəzzalının ölümünə səbəb olan 15 ay davam edən münaqişəni dayandıran atəşkəsin qüvvəyə minməsindən sonra 200-ə yaxın cəsədi çıxarıb.
Tehran,
Sitat.info