İçməli su probleminin həlli üçün yağıntı sularını təmizləyərək istifadə etmək lazımdır.
Sitat.info xəbər verir ki, bunu deputat Afət Həsənova Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, bu gün kənd yerləri və rayonlarda yaşayan əhali ciddi problemlərlə üzləşir: “Biz Bakıda oturmuşuq, burada su daxil olmaqla, hər şey var. Amma ucqar ərazilərdə vəziyyət fərqlidir. Rayonlarda içməli suyun çatışmazlığı ciddi bir problemdir. Su mənbələri azalır”.
O, müəyyən müddət rayonlarda işlədiyini vurğulayıb: “Yayın ortasında insanlar müraciət edirlər ki, içməli su yoxdur. Belə hallarda biz bilirik ki, su mənbələri tükənir. Amma bununla yanaşı, yağıntı sularını niyə istifadə etmirik? Bu, böyük bir məsələ deyil. Su mənbələri yaradıla bilər, sular toplanıb təmizlənə və sonra istifadə edilə bilər”.
Deputat bildirib ki, ekoloji mədəniyyət baxımından bu məsələlərə köklü yanaşılmalıdır: “Bu problemləri həll etməyə çalışmalıyıq”.