Britaniyalı nazirdən Trampa ETİRAZ

09:46 25 Yanvar 2025

ABŞ-ın yeni Prezidenti Donald Trampın Britaniyadan ixrac olunan məhsullara yüksək tariflər tətbiq etmək planına Böyük Britaniyanın biznes naziri Conatan Reynolds etiraz edib.

Sitat.info BBC-yə istinadən xəbər verir ki, nazir ABŞ-ın Böyük Britaniya ilə ticarətdə qalıq kəsiri olmadığını, yəni ABŞ-ın Britaniyadan idxal etdiyi məhsulların həcminin ixrac etdiyi məhsullardan artıq olmadığını bildirib.

Prezident Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda beynəlxalq şirkətlərin rəhbərlərinə ya məhsullarını ABŞ-da istehsal etməli, ya da yüz milyardlarla, hətta trilyonlarla dollar dəyərində tariflərlə üzləşməli olduqlarını bildirib.

Lakin Conatan Reynolds vurğulayıb ki, istehsal məhsulları ilə bağlı ABŞ-ın Böyük Britaniya ilə ticarət balansında mənfi saldo yoxdur. O, bu vəziyyəti tarif müzakirələri üçün əsaslı arqument kimi dəyərləndirib.

Qeyd edək ki, D. Tramp artıq Çindən idxal edilən məhsullara 1 fevraldan etibarən 10 faiz vergi tətbiq etməyi nəzərdən keçirdiyini açıqlayıb. O, bunun səbəbini Çin tərəfindən Meksika və Kanadaya fentanil – sintetik opioid göndərilməsi ilə əlaqələndirib. Bundan əlavə, Tramp Kanadadan və Meksikadan idxal edilən məhsullara 25 faiz tarif tətbiq edəcəyi ilə də təhdid edib.

Bununla belə D. Tramp son açıqlamalarında tariflər tətbiq etməkdənsə, potensial ticarət razılaşmasını üstün tutacağını bildirib.



Xəbər xətti