Martda Bakıda Azərbaycan və Sloveniya arasında iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupunun birinci iclası keçiriləcək.
Bu barədə Sitat.info-ya Sloveniyanın İnvestisiya, Sahibkarlıq və Beynəlmiləlləşdirmə üzrə Dövlət Agentliyindən (SPIRIT) məlumat verilib.
"Sloveniya biznes missiyası martın 10-dan 13-dək Bakıda səfərdə olacaq. Biznes missiya SPIRIT və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən Sloveniyanın İqtisadiyyat, Turizm və İdman Nazirliyi, eləcə də Avropa və Xarici İşlər Nazirliyi ilə birgə təşkil olunacaq. Biznes missiya Sloveniyanın iqtisadiyyat, turizm və idman naziri Matyaj Hanın Azərbaycana səfəri çərçivəsində baş tutacaq", - SPIRIT-dən bildirilib.
Səfər çərçivəsində iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupunun iclası ilə yanaşı biznes forum, B2B formatında görüşlərin keçirilməsi və qeyri-rəsmi danışıqların aparılması planlaşdırılır.
"Biznes missiyanın əsas məqsədi Sloveniya şirkətlərini Azərbaycanın biznes mühiti ilə tanış etmək, Azərbaycan şirkətləri ilə işgüzar əlaqələrin qurulmasına və sazişlərin bağlanmasına kömək etməkdir. Hesab edirik ki, bu, Sloveniya ilə Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin və investisiya əməkdaşlığının inkişafına töhfə verəcək", - qurumdan bildirilib.
SPIRIT-in məlumatına görə, Sloveniya Azərbaycanla əczaçılıq və kimya sənayesi, kiçik su elektrik stansiyaları, fotoelektrik sistemlər, İKT, infrastruktur tikintisi, elektrotexnika sənayesi, turizm, idman və digər sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır./ Report