İyunun 5-də keçiriləcək referundumdan sonra ölkədə ciddi dəyişikliklər gözlənilir
Köklü konstitusiya islahatına hazırlaşan Qazaxıstan prezidenti Kasım-Cömert Tokayev bu il iyunun 5-də ölkədə referendum təyin edib. Ümumilikdə hakimiyyət əsas qanun layihəsində 33 maddəyə 56 düzəliş təklif edir.
Tokayevin sözlərinə görə, referendumda məqsəd “bütün dövlət modelinin hərtərəfli transformasiyasıdır”. Məqsəd ölkəni mövcud olmuş “super-prezident idarəetmə formasından” nüfuzlu parlamentə və güclü hökuməti olan prezident respublikasına keçiddir.
Həmçinin konstitusiyanın yeni redaksiyasında “prezidentin bütün siyasi partiya və hərəkatlardan bərabər məsafəli statusu müəyyən edilib”, dövlət başçısının yaxın qohumlarının dövlət sektorunda siyasi və ya rəhbər vəzifə tutması qadağan ediləcək. Deputatlar qarışıq majoritar-proporsional sistemlə seçiləcək və s.
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin statusu və səlahiyyətləri haqqında maddə əsas qanundan çıxarılacaq. Xalqın lideri (Elbaşı) və "müstəqil Qazaxıstanın qurucusu" status dəyişdiriləcək. Yəni müstəqilliyinin 30 ilində ölkəyə rəhbərlik etmiş Nursultan Nazarbayevlə bağlı konstitusiyada hər hansı qeyd qalmayacaq. Bir müddət əvvəl qəbul edilən birinci prezident haqqında qanunla Nazarbayevə, ailəsinə və əmlaklarına toxunulmazlıq hüququ verib, bir sıra imtiyazların büdcəsindən maliyyələşməsi nəzərdə tutulur.
Məlumdur ki, Nursultan Nazarbayev hakim “Nur Otan” partiyasının rəhbərliyindən uzaqlaşdırılıb. Onun qohumları da bizneslərinin bir hissəsini itirərək iyerarxik zirvədən düşürüblər və Elbaşıya yaxın olan bir çox adam dəmir barmaqlıqlar arxasına düşüb.
Nazarbayev klanının yanvar çevrilişində əli olması şübhə doğurmur. Lakin uğursuz çevriliş cəhdindən sonra Tokayev alicənablıq nümayiş etdirdi. “30 il ərzində Nazarbayevin töhfəsini və səylərini unutmaq olmaz. Bu tarixə hörmətsizlik olardı. Nursultan Nazarbayev dövlətçiliyimizin əsaslarını qoydu, ölkənin güclənməsinə böyük töhfə verdi” deyə, prezident onu mümkün təzyiqlərdən qorudu.
Göründüyü kimi, Qazaxıstan Nazarbayevin şəxsiyyətinə pərəstişdən, onun və ailəsinin müstəsna hüquqlarından tam qurtulmaq əzmindədir.
Tokayev özünü xalqın ömürlük lideri kimi qələmə verməyəcək və özünə abidələr ucaltmayacaq, lakin onun yerli siyasətdə və biznesdə klançılıqdan qurtulacağı ehtimalı azdır. Tokayevin hakimiyyətinin güclənməsi ölkənin indiki geosiyasi reallıqlarda demək olar ki, birinci dərəcəli məsələ olan xarici siyasətinə necə təsir edəcəyi də maraq doğurur. Çünki Nazarbayev tam müstəqil dövlətin başçısı olmaqla Moskva, Qərb və İslam dünyası ilə bir qədər ziddiyyətli olsa da, tərəfdaşlıq münasibətlərini qoruyub saxlayırdı. O, demək olar ki, Avrasiya İqtisadi Birliyinin qurucusu sayılır, baxmayaraq ki, Rusiya onun “lokomotivi” kimi görünürdü.
Hələlik görünən odur ki, Qazaxıstanın Moskvadan kəskin aralanma meyli olmayacaq. Qazaxıstanın Aİİ-dən çıxmaq niyyətində olduğu barədə fəal şəkildə yayılan məlumatlara baxmayaraq, bu istiqamətdə real addımlar yoxdur, hakimiyyət də bu iddiaları qətiyyətlə təkzib edib.
/Musavat.com