ABŞ prezidenti Donald Tramp Ədliyyə Nazirliyinə onun administrasiyasının siyasətinə zidd işlərlə məşğul olan hüquq firmalarına və vəkillərə təzyiq göstərməyi əmr edib.
Sitat.info xəbər verir ki, məlumatı The Wall Street Journal yayıb.
Məlumata əsasən Tramp ABŞ-nin baş prokuroru və ədliyyə katibi Pam Bondiyə “qeyri-ciddi, əsassız və qəzəbli iddialar” qaldıran vəkillərə qarşı məhkəmədə məhdudiyyətlər tətbiq etməyi tapşırıb.
Nəşr qeyd edir ki, Ədliyyə Nazirliyi artıq hökumətin məhdudiyyətlərinə məruz qala biləcək ondan çox şirkətin, o cümlədən əvvəllər bağlanmış dövlət müqavilələrini itirə biləcək bu cür şirkətlərin müştərilərinin siyahısını tərtib edib.
Bloomberg-in hesablamalarına görə, Tramp administrasiyası vəzifədə olduğu ilk iki ayda qərarlarına etiraz edən 150-dən çox məhkəmə prosesi ilə üzləşib. ABŞ hökumətinin fəaliyyətinin məhkəmədə etiraz edilən əsas istiqamətləri arasında qeyri-qanuni immiqrasiya və Müxtəliflik, Bərabərlik və İnklüzivlik (DEI) proqramlarına qarşı mübarizə, həmçinin ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) fəaliyyəti və dövlət işçilərinin kütləvi şəkildə ixtisar edilməsi daxildir.