"Azəriqaz"la bağlı ŞOK MƏLUMATLAR - "Azər Məmmədovun idarəetmədən xəbəri yoxdu"

14:12 17 Dekabr 2025

Azərbaycanda haqqında ən çox müzakirə aparılan, şikayətlər səsləndirilən dövlət qurumlarından biri də "Azəriqaz"dır. İstər mənzillərə verilən qazın keyfiyyəti, istər sənədsiz evlərə qaz xəttinin çəkilməsi və sayğacla təmin olunması ilə bağlı qoyulan məhdudiyyət, istərsə də "Azəriqaz"da işçilərin əmək şəraiti ilə bağlı problemlər zaman-zaman gündəmə gəlir. 

Bu qurumun fəaliyyəti ilə bağlı aparılan  bir çox araşdırmaların və hesabatların müəllifi, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Sitat.info-ya açıqlamasında ilk növbədə Azəriqaz-da çalışanların narazı olduğu məsələləri dilə gətirdi: Azərbaycanda  "Azəriqaz" ASC qədər insan hüquqlarını pozan bir qurum yoxdur. Bu həm işçilərlə, həm də əhaliyə xidmətlə bağlı müşahidə olunur. Uzun illərdir  apardığım monitorinqlər də  bunu sübut edir. Hər gün təmasda olduğum insanlar və yazılan çoxsaylı ərizələr var".

Hüquq müdafiəçisi ilk növbədə "Azəriqaz"ın Çağrı mərkəzi yeniləndikdən sonra işçilərə qarşı yol verilən ədalətsizliklərə toxundu: "Əvvəla onu deyim ki, "Çağrı Mərkəzi"ni  2024-cü ilin sonunda yenidən bir hay-küylə yaratdılar. Bildirdilər ki, sistem təkminləşdirilib, yeni avanlıqlar gətirilib. Ancaq nə bu avadanlıqları görmüşük, nə də  işçilərə münasibət  normal deyil. Hazırda bir türk vətəndaşı da oraya rəhbəlik edir. Bir məsələni bildirim ki, ümumiyyətlə, Türkiyədən gəlib  Azərbaycanda fəaliyyət göstərən şirkətlərin bəzi hallarda ölkə qanunvericiliyini pozduqlarını müşahidə etmişəm. Çağrı Mərkəzindən də çox şikayət ünvanlayıblar. İşçilər yazılı  şəkildə onlara qarşı münasibətin normal olmadığı ilə bağlı müraciət ediblər,  ancaq qanunvericilik baxımından izah edə bilmirlər, sonuna qədər gedə bilmirlər. Misal üçün şikayət etdilər ki, onları çox sıxırlar, incidirlər, bəzən yersiz izahatlar alırlar. Ancaq bu işçilər sonradan qorxduqları üçün geri çəkilirlər, geniş məlumat vermirlər".

QHT sədrinin toxunduğu digər bir məsələ işlərin ixtisarı ilə bağlı oldu: "2024-cü ilin sonunda Çağrı Mərkəzi yaradılanda öncədən orada işləyən işçilərin əksəriyyəti  ixtisara salındı və heç biri işlə  təmin edilmədi. Bildiyim qədər işçiləri ixtisara salan türk rəhbər deyil, "Azəriqaz İB -yə sədr təyin olunan  Azər Məmmədovdur.  Sonradan özünə  üç müavin də götürdü, yəqin onlar da  ixtisarların aparılmasına kömək üçün gəliblər. Yerli işçilər çıxarıldıqdan sonra Çağrı Mərkəzinə gətirilən şəxsə 20 min manat əmək haqqı verilib. Mən sonradan dəqiqləşdirmə apardım. Aydın oldu ki, həmin işçinin gündəlik ezamiyyət pulu 450 manatdır. Bu qədər pul nəyə görə verilir?   Doğrudanmı, bu qədər adamı ixtisara salmaq lazımdır? Anlaya bilmirəm, bizim ölkədə bu sahə üzrə mütəxəssis yox idi? Yəni, o qədər savadsızdırlar?

Yaxşı, yeni təyinatlar nə effekt verdi? Keçən ildən bəri Çağrı Mərkəzinin işində hər hansı irəliləyiş də hiss olunmur. Mərkəzlə bağlı çoxsaylı şikayətlər var ki, zənglərə cavab vermirlər. Çeviklik yoxdur, dəyişikliyin bir nəticə verdiyi hiss olunmur.  Əvvəlki ilə heç bir fərqi yoxdur.  Bəs, bu qədər avadanlıqlar , xarici mütəxəssislər gətirildi, niyə faydası olmadı? Bu sualın cavabı yəqin Azər Məmmədovdadır. Güman ki, "Azəriqaz" ın rəhbəri Azər Məmmədovun bu sahə üzrə təcrübəsi yoxdur. Bilmək istərdim ki, bu şəxsin rəhbər kimi təcrübəsi varmı? Yalnız öncədən Gürcüstanda işlədiyini bilirəm".

M.Qəhrəmanlı sənədsiz evlərin qaz sayğacları ilə təmin olunması məsələsində də müəyyən qanunsuzluqlara yol verildiyini qeyd etdi. 

Onun sözlərinə görə, qadağan olunmasına baxmayaraq, sənədsiz evlərin çoxu sayğacla  təmin olunub, hətta abonentlərlə müqavilə də bağlayırlar: "Sayğac qoyulur, amma müəyyən bir "şərtlər"  çərçivəsində... Məbləğ isə elə də az deyil. Qadağanın məqsədi də məhz budur, qeyri-rəsmi və daha çox məbləğ alırlar. Yoxsa, sənəndsiz evlərə həmişə qaz xətti çəkilib. Evlərin əksəriyyətinin İcra Hakimiyyətindən  texniki pasportu var, həmin evlərə niyə qanuni şəkildə sayğacla təmin olunmasın ki... İstəyirlər ki, vətəndaş xeyli xərc çəksin,  "müxtəlif yollarla" evinə qaz çəkdirsin. Görünür "Azəriqaz" sistemində kiminsə bu işdə marağı var ki, sənədsiz evlərə sayğac qoyulmasını qadağan ediblər. Bu məsələ parlamentdə də qaldırılmalıdır. Niyə ilk növbədə sənədsiz evlərin qeydiyyatı aparılmır? Məqsədi özləri aydınlaşdırmalıdırlar.

Prezident  çıxışında dəfələrlə sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tapşırıqlar verib. Bu mövzu mətbuatın da gündəmindən düşmür. Hazırda bu qadağalara görə, sənədsiz evləri qazla, işıqla təmin etmək bir  korrupsiya mənbəyinə çevrilib".

M.Qəhrəmanlı təklif edir ki,  "Azəriqaz" Dövlət Neft Şirkətinin tərkibindən çıxarılsın: "Hasilat və satış  bir əldə cəmləşə bilməz. Xaricdə olduğu kimi rəqabət olmalıdır. "Azəriqaz"da heç vaxt şəffaflıq olmayıb, bunu biz görməyəcəyik. Heç açıqlamalarını da görmürük. Keçmiş rəhbər Ruslan Əliyev ən azından mətbuata danışırdı. Azər Məmmədovun isə ümumiyyətlə idarəetmədən xəbəri yoxdu.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərd etməyə hazırıq.

Məğrur Salmanov,

Sitat.info

 

 



Xəbər xətti