Sitat.info xəbər saytı artıq 4 ildir ki, fəaliyyət göstərir. Həm də təkcə sayt kimi deyil, eyni zamanda Youtube, Tiktok, İnstagram üzərindən Sitat.info-ya məxsus rəsmi səhifələrin toplam abunə sayı 460 minə çatır. Bu günə qədər bir neçə dəfə Media İnkişaf Agentliyinin onlayn media üçün maliyyə müsabiqəsində iştirak etsək də nəticəsiz qalıb. Ancaq bu dəfə qalib olmağa ümidimiz də , haqqımız da var.
Əlavə olaraq deyim ki, MEDİA-nın qəbul etdiyi son qərarlar yerindədir.
1. Çap mediası hər nə qədər tarixi ənənənin davamçısı kimi dəyərli olsa da, satışı və abunəsi olmadığından mediaya ayrılan vəsaitə qarşı israfçılıqdan başqa bir şey deyildi. Ənənənin davamı kimi, həftədə 1 dəfə analitik bir buraxılış yetərlidir.
Həmkarlarımızın işsiz qalmaması üçün də müəyyən proqramların hazırlanmasına ehtiyac var.
2. Onlayn media subyektinə dəstək kimi 5000 manat daha optimal məbləğdir.
Ancaq mənim də bəzi təkliflərim var:
1. 50 milyonluq Azərbaycan dilli auditoriya üçün 33 ictimai-siyasi saytın maliyyələşdirilməsi çox azdır. Maliyyələşdirilən saytların sayının artırılmasına, daha çox media qurumunun inkişafına dövlət dəstəyinin verilməsinə ehtiyac var.
2. Bir Media Holdinqdən müsabiqəyə yalnız bir media qurumu qatılsa, daha ədalətli olar. Bu mediada inhisarlaşma getməməsi üçün önəmli məsələdir.
3. Adından da göründüyü kimi "dəstək müsabiqəsi" dəstəyə ehtiyacı olan saytlar üçündür. Onlayn media qurumları arasında bir neçəsi var ki, həm kollektivin sayı baxımından, həm aylıq maliyyə dövriyyəsi baxımından, eləcə də bundan dolayı fəaliyyətinin keyfiyyəti baxımından digərlərindən qat-qat daha üstündür. Onlar bu kiçik məbləğ üçün müsabiqəyə qatılmazsa, fərqli bir proqram üzərindən maliyyə alarsa, bu müsabiqənin daha ədalətli olmasına, qeyri-bərabər rəqabətin də aradan qalxmasına gətirib çıxarar.
Qeyd edim ki, ictimaiyyət üçün medianın rolu vətəndaş cəmiyyətinin rolundan heç də az deyil, hətta bəzi hallarda daha artıqdır. Lakin yüzlərlə QHT dövlətdən qrant aldığı halda, cəmi 33 saytın maliyyələşdirilməsi bu sahənin daralmasına gətirib çıxarır.
Nərgiz Liftiyeva,
Sitat.info saytının rəhbəri