Dekabrın 5-də axşam saatlarında Pakistan və Əfqanıstan qüvvələri arasında Çaman sərhəd-keçid məntəqəsi yaxınlığında artilleriya zərbələri ilə başlayan atışma baş verib.
Axar.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Pakistan rəsmilərinin sözlərinə görə, Əfqanıstan qüvvələri Pakistan ərazisinə minaatanlardan ilk atəş açıb. Bununla belə, Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahidin verdiyi açıqlamaya görə, Əfqanıstan qüvvələri Qəndəhar əyalətinin Spin Boldak rayonunda Pakistanın zərbələrinə cavab verir.
Qəzetin mənbələrinə görə, atışma yerli vaxtla axşam saat 22:00 radələrində başlayıb və gecə saatlarına qədər davam edib. Üç yaralı xəstəxanaya çatdırılıb. İtkilər barədə ətraflı məlumat verilməyib.