Hindistanın 13 il öncə yoxa çıxan "Boeing 737-200" təyyarəsi tapılıb.
Sitat.info Publika.az istinadən xəbər verir ki, təyyarə Kolkata Hava Limanında yeni qurğular üzərində işlər aparılarkən tapılıb.
Məlumata görə, tərk edilmiş təyyarənin "Air India"ya məxsus olduğu müəyyən edildikdən sonra oradan çıxarılıb. Hava limanı rəsmilərinin sözlərinə görə, indiyə kimi ərazidə daha 14 tərk edilmiş təyyarə müəyyən edilib.
Bildirilib ki, yaranan qarışıqlıq əsasən "Air India" və "Indian Airways"in birləşməsi zamanı yaranan inzibati xətalarla bağlıdır. Təyyarənin sahibini müəyyən etdikdən sonra Kolkata Hava Limanının rəsmiləri təxminən 120 min dollar məbləğində dayanacaq haqqı tələb ediblər.
Təyyarə tədqiqat üçün Hindistanın Benqaluru şəhərindəki "Kempegowda" Beynəlxalq Hava Limanına aparılıb.
Qeyd edək ki, 43 yaşlı VT-EHH qeydiyyatlı təyyarə 2012-ci ildə hava limanında park edilib. Lakin sonradan əsas vəsaitlərin qeydiyyatı, amortizasiya cədvəlləri, sığorta siyahıları və texniki xidmət proqnozları da daxil olmaqla bütün rəsmi qeydlərdən yoxa çıxıb.