“İlin sonunda həmişə komandada problemlər yaranır. Bir neçə oyunçumuz zədəli, yorğun olur. Mövsüm sona yaxınlaşdıqca istənilən böyük komandada problemləri müşahidə olunur”.
Sitat.info xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 6-cı turu çərçivəsində Niderland nəhəngi “Ayaks”la keçiriləcək oyundan öncə baş tutan mətbuat konfransında deyib.
“Biz daim heyətimizdə daha yaxşı, daha keyfiyyətli futbolçuların olmasının tərəfdarıyıq və bunun da üzərində iş gedir. Əgər dünya bazarına çıxmaq istəyiriksə, bu hallar mütləq olmalıdır. Yaxşı klublardan bizim oyunçulara təklif olarsa, bu bazara girmək üçün addımları atmalıyıq. Buna qədər bir neçə transferimiz olub. Özümüz də komandaya əlavə oyunçular gətirməliyik. Bu, işin gedişatıdır. Elə şey yoxdur ki, bu futbolçu heç yerə getməyəcək, komandada qalacaq. İstəyirik ki, daha üstün liqalara getsinlər. Belə olan halda buna yox deməyəcəyik. İmkan olduğu qədər, qış transfer pəncərəsində bir neçə oyunçu cəlb etmək istəyirik ki, komandamız daha sağlam və daha keyfiyyətli olsun”, – deyə mütəxəssis söyləyib.