Gürcüstan parlamenti “Toplantılar və Nümayişlər haqqında” Qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.
Sitat.info xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, qanunvericilikdəki dəyişikliklər 79 deputatın lehinə, 9 deputatın əleyhinə səsi ilə qəbul edilib.
Məlumata görə, qüvvəyə minəcək dəyişikliklər nəticəsində toplanış və nümayişlərlə bağlı məhdudiyyətlər piyada yollarında keçirilən aksiyalara da şamil ediləcək. Dəyişikliklərə əsasən, aksiya təşkilatçıları, əgər toplanış və ya nümayiş insanların hərəkət etdiyi ərazidə keçirilirsə, hadisədən 5 gün əvvəl Daxili İşlər Nazirliyinə (DİN) yazılı xəbərdarlıq etmək öhdəliyi daşıyacaqlar.
O da qeyd olunub ki, əgər DİN tərəfindən onlara təklif olunan yerdə aksiyanın keçirilməsinə razılıq verməyib yenə də həmin yerdə toplanarlarsa, aksiya iştirakçısına 15 günə qədər inzibati həbs, təşkilatçıya isə 20 günə qədər inzibati həbs tətbiq ediləcək. Eyni əməlin təkrar törədilməsinə görə isə iştirakçı və ya təşkilatçıya Gürcüstan Cinayət Məcəlləsinin 347-ci maddəsi ilə 1 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.