Bacısının ölümünə səbəb olan sürücü - Digər bacısının yasından qayıdırmış

17:30 11 Dekabr 2025

 Lerikdə ölümlə nəticələnən yol qəzası baş verib.

Sitat.info xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən  bildirilib ki, idarə etdiyi “Vaz 2121” markalı avtomobillə Bakıdan - bacısının yas mərasimindən qayıdan Lerik sakini Akif Ağacanov nəqliyyat vasitələri nasaz olduğu üçün yolda qalan həmkəndliləri ilə rastlaşıb.

Qeyd olunub ki, A.Ağacanov kömək məqsədilə dayanaraq həmkəndlilərinə yaxınlaşdıqdan qısa müddət sonra dağlıq ərazidə üzü yoxuşa saxladığı avtomobil geriyə doğru hərəkət etməyə başlayıb və yoldan çıxaraq dərəyə yuvarlanıb.

Nəticədə avtomobildə olan sərnişin - sürücünün digər bacısı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

“İlk baxışdan təsadüfi hadisəyə bənzəsə də, əslində dağlıq relyefdə dayandırılmış avtomobillə bağlı zəruri təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi, mühərrikin söndürülüb-söndürülmədiyi, duracaq tormoz sisteminin qoşulub-qoşulmadığı, həmin sistemin, ümumilikdə avtomobilin saz vəziyyətdə olub-olmaması kimi sualların meydana gəlməsi hadisənin ehtiyatsızlıqdan qaynaqlandığı ehtimalını yaradır”.

Baş Dövlət Yol Polisi İdarəsi bir ailənin faciəsi ilə nəticələnən sözügedən yol qəzasının xüsusatlarını sürücülərin diqqətinə çatdırmaqla, bir daha onları yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağa, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır.




Xəbər xətti