İran və Azərbaycan ortaq, təhlükəsiz və qarşılıqlı hörmətə əsaslanan gələcək qurmaq əzmindədir.
Sitat.info xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi Bakıda keçirilən yüksək səviyyəli görüşlərdən sonra bildirib.
"Mehr" informasiya agentliyi dekabrın 6-7-də Bakıya son səfəri zamanı Əraqçının Azərbaycanın yüksək vəzifəli şəxsləri, o cümlədən Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov, baş nazirin müavini Şahin Mustafayev, Milli Məclisin sədri Sahibə Qafarova ilə geniş və konstruktiv görüşlər keçirdiyindən yazıb.
"İran-Azərbaycan münasibətləri coğrafi yaxınlıqdan kənara çıxır. Bu gün həmin əlaqələr iqtisadi, tranzit, siyasi, mədəni və humanitar sahələrdə genişlənir. Hər iki ölkə əməkdaşlığı strateji səviyyəyə qaldırmaq əzmindədir", - Əraqçi qeyd edib.
Görüşlər zamanı vurğulanıb ki, üçüncü tərəflər Tehranla Bakı arasında konstruktiv münasibətlərə mənfi təsir göstərməməlidir. Agentlik müzakirələr boyu rəsmilərin Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasının vacibliyini bütün regional dövlətlər üçün tərəqqi və firavanlıq üçün ilkin şərt kimi vurğuladığını yazıb.