Sitat.info xəbər verir ki, İstanbul 40-cı Ağır Cəza Məhkəməsinin qərarına əsasən, məhkəmə baxışı 9 mart 2026-cı il tarixində Mərmərə Cəza İnfaz Müəssisələri Kompleksində yerləşən məhkəmə zalında başlayacaq.
Məlumata görə, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsinə dair “korrupsiya” işi üzrə ittiham aktı hazırlanıb və sənəddə 105-i həbsdə olmaqla 402 şübhəli yer alıb. Hazırlanan ittiham aktı İstanbul 40-cı Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib.
İttiham aktında Əkrem İmamoğluya 142 hal üzrə ittiham irəli sürülüb. Prokurorluq onun 828 il 2 aydan 2 min 352 ilədək azadlıqdan məhrum edilməsini tələb edir.
Sənəddə İmamoğluya qarşı “cinayət törətmək məqsədilə təşkilat yaratma və rəhbərlik etmə”, “rüşvət”, “cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması”, “dövlət qurumlarına ziyan vurmaqla dələduzluq” başda olmaqla çoxsaylı maddələr üzrə ittihamlar yer alır. Həmçinin şəxsi məlumatların qanunsuz toplanması və yayılması, sübutların gizlədilməsi, rabitənin qarşısının alınması, dövlət əmlakına ziyan vurulması, tenderlərə müdaxilə, ekoloji və vergi qanunvericiliyinin pozulması kimi əməllər də ittihamlar sırasındadır.