“Rusiyada “YouTube”un yaxın 6 ay - 1 il ərzində tam bloklanması gözlənilir”.
Sitat.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Andrey Svintsov bildirib.
“Bu, platformanın hələ də mövcud Rusiya qanunvericiliyinə məhəl qoymaması ilə əlaqədardır. Öz məzmunlarını paylaşmaq üçün bu platformadan istifadə edən hər kəs maksimum dərəcədə qısa müddət ərzində “Rutube”, “VK Video” və sair kimi alternativlərə keçməlidir”, - Svintsov bildirib.
Xatırladaq ki, “YouTube”un Rusiya seqmentində məhdudiyyətlər 2024-cü ilin yayından tətbiq edilməyə başlayıb. “Roskomnadzor” həmin vaxt 200-dən çox Rusiya kanalının silinməsi səbəbilə platformaya girişin məhdudlaşdırıldığını açıqlamışdı. Ölkənin böyük mobil operatorları isə 2024-cü ilin dekabrından platformada videoizləməni faktiki bloklayıblar.