Rusiya səfirliyinin nümayəndələri Ermənistanda həbsdə olan iş adamı Samvel Karapetyanla əlaqə saxlaya bilir.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin deyib.
O bildirib ki, diplomatlar sonuncu dəfə dekabrın əvvəlində Karapetyanla görüşüb:
“Biz Karapetyanın vəziyyəti ilə bağlı bütün lazımi məlumatları alırıq. O, sağlamlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirir, nikbindir və mübarizə əzmindədir”.
Kalugin vurğulayıb ki, Rusiya bu məsələni Ermənistanın rəsmi nümayəndələri ilə təmaslarda qaldırır:
“Karapetyan məhkəmə qərarı olmadan altı aydır ki, həbsdədir”.
Qeyd edək ki, Rusiya vətəndaşı, “Taşir Group”un sahibi, milyarder Samvel Karapetyan iyun ayında həbs olunub. Ona qarşı hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar ittihamı irəli sürülüb./axar