Bu gün informasiya təhlükəsizliyi məsələsi artıq milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib və bu reallıq Qarabağ müharibəsi zamanı açıq şəkildə özünü göstərib.
APA-nın Ankaraya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Ankarada keçirilən türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan dövləti informasiya təhlükəsizliyinin əhəmiyyətini və dezinformasiyaya qarşı mübarizənin vacibliyini öz təcrübəsində aydın şəkildə görüb. Beş il öncə işğal altında olan ərazilərin azad olunması zamanı ölkəmizə qarşı böyük dezinformasiya hücumları edilmişdi.
Cavid Musayev qeyd edib ki, Azərbaycan öz qapılarını xarici media nümayəndələri üçün açdı. Onun sözlərinə görə, bəzi media qurumları qərəzli mövqe tutsa da, onların nümayəndələri Azərbaycana gələrək reallığı yerində gördülər. Azərbaycan dövləti isə hər gün keçirilən mətbuat konfransları vasitəsilə xarici media nümayəndələrinə xronoloji və faktlara əsaslanan məlumatlar təqdim edib.
Çıxışda dövlət rəhbərliyinin roluna da toxunan Cavid Musayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə şəxsən özü 30-dan artıq aparıcı beynəlxalq media qurumuna müsahibə verib. Bu müsahibələr BBC, CNN, “France 24”, “Al Jazeera“, “Al Arabia”, TRT, ARD, “La Figaro” və digər nüfuzlu media platformalarını əhatə edib.