“İstintaq aparılarkən bu işin arxasında kimlərin dayandığı barədə məlumatımız yox idi. Birinci qrupla bağlı ittiham aktı təqdim olundu və məhkəmə prosesi keçirildi. Daha sonra ikinci ittiham aktı təqdim ediləndə, sənədi hüquqşünaslarımıza verdim ki, prosesi izləyib lazımi hazırlığı görsünlər. Hüquqşünaslarımız mənə həmin ittiham aktında dırnaqarası “təhsil eksperti”nin adının keçdiyini bildirdilər və bu, məni təəccübləndirdi”.
Sitat.info xəbər verir ki, bunu “Trend”ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.
“Çünki cəmi bir həftə əvvəl həmin şəxs rəsmi tədbirlərin birində rektorlarla mehriban söhbət edirdi. Halbuki o, həmin vaxt artıq ittiham aktından xəbərdar idi. Bilə-bilə bu qədər rahat davranması, heç nə olmamış kimi görünməsi məni təəccübləndirdi”, - o, əlavə edib.
Məleykə Abbaszadə vurğulayıb ki, əlavə təhlillər aparılacaq və yeni saxtakarlıq halları aşkarlanarsa, həmin şəxslər ali məktəblərdən xaric ediləcək:
“Bu ittiham aktı bizim üçün bəzi vacib məqamları aydınlaşdırdı. Onun əsasında əlavə təhlillər aparacağıq. Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalara əsasən, əgər yeni saxtakarlıq halları aşkarlanarsa, həmin şəxslərin ali məktəblərdən xaric edilməsinə dair hüququmuz var və bu səlahiyyətdən istifadə ediləcək”.