Paşinyan İlham Əliyevə təşəkkür etdi

15:57 22 Dekabr 2025

Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Paşinyan bu təşəkkürü Azərbaycanın Ermənistan istiqamətində yük tranzitinin açılması və ikitərəfli ticarətin başlanması üçün şərait yaradılması qərarı ilə əlaqələndirib.

Sitat.info TASS-a istinadən xəbər verir ki, Ermənistan baş naziri qarşılıqlı fayda, bərabərhüquqluluq, suverenlik və milli yurisdiksiyalara hörmət prinsipləri əsasında ticarət-logistika əməkdaşlığının inkişaf perspektivlərini vurğulayıb.

Paşinyanın sözlərinə görə, regionda baş verən müsbət və konstruktiv dəyişikliklər bütün ölkələr üçün yeni imkanlar yaradır, iqtisadi dayanıqlığın möhkəmlənməsinə və regional kommunikasiyaların genişlənməsinə töhfə verir.

“Bu kontekstdə Azərbaycan Respublikasının Prezidentinə Ermənistan istiqamətində yük tranzitinin açılması, eləcə də ikitərəfli ticarətin başlanması üçün şərait yaradılması ilə bağlı qəbul edilən qərara görə minnətdarlığımı bildirirəm. Bu, regionda sülh və sabitliyin bərqərar olması prosesində ilk və ən mühüm nailiyyətlərdən biridir”, – deyə Paşinyan qeyd edib.

Qeyd edək ki, dekabrın 18-də Azərbaycanın dövlət neft şirkəti SOCAR ilk dəfə olaraq Ermənistana yerli istehsal olan benzin ixrac edib. Bu, son 30 ildən artıq müddətdə Azərbaycandan Ermənistana həyata keçirilən ilk tədarükdür.




Xəbər xətti