“Fənərbaxça” klubunun prezidenti Sadettin Saran sosial media hesabında haqqında davam edən narkotik istintaqı və internetdə yayılan bəzi iddialarla bağlı açıqlama yayıb.
Sitat.info xəbər verir ki, S. Saran ona qarşı məqsədli şəkildə qarayaxma kampaniyasının aparıldığını bildirib.
“Təkrar yayımlanan müəyyən şəkillər və paylaşımlar vasitəsilə mənə qarşı qarayaxma kampaniyası aparılır. Bu görüntülər illər əvvəl dəfələrlə təkzib edilmiş və mənimlə heç bir əlaqəsi olmadığı qəti şəkildə sübut edilmiş materiallardır. Sözügedən videolardakı şəxsin mən olmadığım dəfələrlə sübut olunsa da, bu materialların bu gün yenidən gündəmə gətirilməsi açıq-aşkar mənə qarşı sui-qəsd aktıdır”, – deyə o söyləyib.
S. Saran həmçinin vurğulayıb ki, vəkilləri sözügedən böhtan xarakterli məzmunu yayan bütün şəxs və təşkilatlara qarşı cinayət işi qaldıracaqlar:
“Digər tərəfdən, bəzi media orqanlarında dərc olunan və tamamilə şəxsi həyatla bağlı məqalələr jurnalist etikasına ziddir və şəxsi hüquqlarımın ciddi pozulmasıdır. Bu nəşrlərlə bağlı da dərhal zəruri hüquqi prosedurlar başlanacaq”.
Xatırladaq ki, dekabrın 20-də İstanbul Baş Prokurorluğunda ifadə verən Sadettin Saran məhkəmə nəzarəti və xaricə çıxış qadağası şərti ilə sərbəst buraxılıb. O, ifadəsindən sonra dərhal stadiona gedərək komandasını dəstəkləmişdi