Bakalavr səviyyəsində tədris proqramları yenilənəcək.
Sitat.info xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Təhsil Tələbə Krediti Fondunun 4 illik hesabat tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, nazirliyin təşəbbüsü ilə ali təhsil müəssisələrinin nümayəndələri və əmək bazarının əsas iştirakçılarının birgə formalaşdırdığı komissiyalar vasitəsilə magistratura səviyyəsində bütün ixtisaslar üzrə yenilənmə aparılıb:
"Müasir dövrün tələblərinə cavab verən yeni tədris proqramları hazırlanıb. Növbəti mərhələdə bu təcrübəni bakalavr səviyyəsində də tətbiq etməyi planlaşdırırıq".
S.Rzayev vurğulayıb ki, 2027–2030-cu illərdə isə əsas hədəf ali təhsilin keyfiyyətinin daha da artırılması olacaq:
"Düşünürəm ki, ali təhsil müəssisələrimiz nə qədər keyfiyyətli və müasir məzmun təqdim etsə, fondun imkanlarından yararlanan tələbələrin sayı da bir o qədər artacaq".