Valideynlərini itirmiş uşaqlarla bağlı qanunlarda dəyişikliyi TƏSDİQLƏNDİ

12:08 26 Dekabr 2025

Qanunvericilikdəki "valideynlərini itirmiş uşaqlar" anlayışı "valideyn himayəsindən məhrum olmuş uşaqlar" kimi təsbit ediləcək.

Sitat.info-nun Oxu.az-a istinadən məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan bir sıra məcəllə və qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunda "valideynlərini itirmiş" və "valideyn himayəsindən məhrum olmuş" uşaq anlayışları fərqli kateqoriyalar kimi müəyyən edilib.

Lakin Ailə Məcəlləsi, eləcə də "Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli Fərmanında "valideyn himayəsindən məhrum olmuş uşaq" adı altında vahid bir anlayışdan istifadə olunur.

Bu xüsusda təklif olunan dəyişikliklərə əsasən, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunda "valideynlərini itirmiş uşaqlar" anlayışı "valideyn himayəsindən məhrum olmuş uşaqlar" anlayışı kimi təsbit ediləcək.

Eyni zamanda layihədə digər normativ hüquqi aktlara yuxarıda qeyd olunan zərurətdən irəli gələn uyğunlaşma çərçivəsində müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.



Xəbər xətti