"Turkish Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi partlayış təhlükəsi ilə bağlı xəbərdarlıq səbəbindən Barselonada təcili eniş edib.
Sitat.info xəbər verir ki, bu barədə yerli "Catalunya Radio" mənbələrə istinadən məlumat yayıb. Təhlükəsizlik qüvvələrinin təyyarədə apardığı yoxlamalardan sonra hər hansı partlayıcı qurğunun olmadığı müəyyən edilib.
Söhbət İstanbul–Barselona marşrutu üzrə uçan TK1853 reysindən gedir. Təyyarə yerli vaxtla təxminən saat 11:00-da Barselonadakı Xosep Tarradelyas adına hava limanına eniş edib. Göyərtədə 148 sərnişin və 7 ekipaj üzvü olub.
Enişdən dərhal sonra təyyarə Iberia aviaşirkətinə məxsus anqarın yaxınlığında yerləşən izolyasiya olunmuş zonaya yönləndirilib. Sərnişinlər təhlükəsizlik tədbirləri çərçivəsində təyyarədən endirilib.
Hazırda hüquq-mühafizə orqanları sərnişinlərin yoxlanışını aparır və vəziyyətin risk səviyyəsini qiymətləndirməyə davam edir. Hadisə ilə bağlı araşdırma davam etdirilir, təhlükə siqnalının mənbəyi isə hələlik açıqlanmayıb.