Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.
Sitat.info xəbər verir ki, söhbət zamanı Kaya Kallasın ötən il ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlanıb.
Avropa Birliyinin Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğu bildirilib.
Avropa Birliyi ilə ölkəmiz arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanaraq, bu xüsusda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi mühüm töhfələrə toxunulub.
Ölkəmizlə Avropa Birliyi arasında enerji sahəsi ilə yanaşı, nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb.
Söhbət zamanı Azərbaycan-Avropa Birliyi əməkdaşlığının perspektivləri, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.