Prezidentə zənglər gəlməkdə davam edir

20:12 5 Mart 2026

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Sitat.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti İranın pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə hücumunu pisləyib, hadisə zamanı yaralananların tezliklə şəfa tapmasını diləyib.

Şeyx Məhəmməd bin Zayed Al Nəhyan İranın ölkəsinə raket hücumları zamanı dövlət başçısı tərəfindən BƏƏ-yə göstərilən dəstəyə və bu hücumu qınayan mövqeyinə görə bir daha minnətdarlığını bildirib.

Dövlət başçısı telefon zənginə görə Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təşəkkür edib.

Prezident İlham Əliyev İranın BƏƏ-yə raketlərlə və pilotsuz uçuş aparatları ilə hücumlarını bir daha pisləyib və fevralın 28-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə telefon danışığında qeyd etdiyi kimi, ölkəmizin BƏƏ-nin yanında olduğunu vurğulayıb.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

***

Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı zamanı Latviya Prezidenti İranın pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə törətdiyi hücumu qətiyyətlə pislədiyini bildirib. Edqars Rinkeviçs baş vermiş hadisə ilə bağlı Azərbaycan dövləti və xalqı ilə həmrəy olduğunu vurğulayıb, hücum nəticəsində yaralananların tezliklə şəfa tapmalarını diləyib.

Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən mövqeyə görə Latviyanın dövlət başçısına təşəkkürünü bildirib.

Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti, gələcək təmaslar və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.



Xəbər xətti